Bu gün:

Everest ölüm zonasına ilk uğurlu səfər: Hillary və Tenzing


1953-cü il mayın 29-da Yeni Zelandiyalı Edmund Hillary və Nepal əsilli təcrübəli şerpa Tenzing Norqey dünyada ilk dəfə Everestin zirvəsinə çatan insanlar olaraq tarixə düşüblər. Bu uğur sadəcə texniki bacarıqla deyil, həm də fiziki dözümlülük və mənəvi iradə ilə mümkün olub.

Himalay dağlarının sərt və təhlükəli şəraiti, xüsusilə "ölüm zonası" adlandırılan 8 min metrdən yuxarı hündürlük insan orqanizminin sərhədlərini son həddə qədər sınağa çəkir. Bu zonada oksigen çatışmazlığı, aşağı temperatur və güclü küləklər insan fiziologiyasında ciddi fəsadlar yaradır. Hillary və Tenzing bu riskləri azaltmaq üçün ekspedisiya zamanı mərhələli şəkildə düşərgələr quraraq vərdişləşmə (aklimatizasiya) prosesi keçiriblər. Amma 6,000 metrdən yuxarı bu vərdişləşmə qeyri-mümkün sayılırdı.

Hillary və Tenzing zirvəyə qalxarkən son böyük maneə olan 40 fut hündürlüyündə dik qayalıq – sonradan "Hillary Pilləsi" adlandırılan hissəni aşmalı olublar. Bu hissəni Hillary dar bir çatdan dırmanaraq, Tenzingi iplə arxasınca çəkərək keçib. Bu epik an həm fiziki, həm də mənəvi zirvə idi.

Zirvəyə çatdıqda onlar bir-birlərinə sarılaraq sevinc göz yaşları içində bayraqları sancıblar. Hillary bu anı fotokamerası ilə sənədləşdirib, Tenzing isə Buddist adəti üzrə qarın altına şirniyyatlar və biskvitlər basdırıb. Onlar zirvədə cəmi 15 dəqiqə keçiriblər, çünki oksigen tədarükü bitmək üzrə idi.

Bu tarixi uğur sadəcə iki nəfərin deyil, bütün ekspedisiya komandasının əzmkarlığı və birgə səyi nəticəsində əldə olunub. Tenzing sonradan yazdığı xatirələrdə Hillary-nin ilk addımı atdığını qeyd etsə də, onların qərarı bu zəfəri paylaşmaq, fərdi deyil, komanda işi kimi təqdim etmək olub.

Edmund Hillary və Tenzing Norqeyin bu səfəri, dağçılıq tarixində yeni bir dövrün başlanğıcı olub və insan iradəsinin nələrə qadir olduğunu bütün dünyaya nümayiş etdirib.

Mənbə: BBC News

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et