Bu gün:

Kanna Kino Festivalında elektrik kəsintisi: Sabotaj şübhəsi


Fransanın cənubunda baş verən və sabotaj şübhəsi doğuran elektrik kəsintisi Kanna Kino Festivalının son günü nümayişlərin pozulmasına səbəb olub.


Şənbə günü səhər saatlarında Kann şəhəri və ətraf ərazilərdə təxminən 160,000 ev işıqsız qalıb. Elektrik təchizatı günün ikinci yarısında bərpa edilib.

Rəsmilər bildiriblər ki, elektrik yarımstansiyası yandırılıb və başqa bir ərazidə yerləşən elektrik dirəyi zədələnib.


Beynəlxalq kino festivalının təşkilatçıları bildiriblər ki, bağlanış mərasimi planlaşdırıldığı kimi keçiriləcək, çünki alternativ enerji mənbələri mövcuddur.


Prokurorluq bildirib ki, ilk elektrik kəsintisi Kannı enerji ilə təmin edən Tanneron kəndindəki yarımstansiyanın yanğın nəticəsində sıradan çıxarılması ilə baş verib.


Saat 10:00-da (Bakı vaxtı ilə 12:00) Villeneuve-Loubet qəsəbəsi yaxınlığında elektrik dirəyinin ayaqları kəsilib və bu da ikinci elektrik kəsintisinə səbəb olub.


Kanda mağaza və restoranlar fəaliyyət göstərməkdə çətinlik çəkiblər.


“Daha bir saat keçsə, hər şeyi tullamalı olacam,” – deyə Kann şəhərində yerləşən Jamin restoranının sahibi Loren Abukrat AFP xəbər agentliyinə bildirib. Onun sözlərinə görə, soyuducular səhərdən etibarən işləməyib.


Avstraliyalı prodüser Darren Vukasinovic Reuters agentliyinə deyib:

“Kann tam dayanıb, hər şey çöküb, heç yerdə qəhvə yoxdur, görünür, şəhərdə kruassan da qalmayıb. Bu artıq bir böhran vəziyyətidir.”


Səhər saatlarında elektrik kəsintisinə görə bir neçə film nümayişi yarımçıq qalıb, lakin festival təşkilatçıları daha sonra özəl generatorlara keçiblər.


Şənbə festivalın son günüdür. Fransız aktrisası Juliette Binoche və onun münsiflər heyəti Palme d’Or – festivalın ən yüksək mükafatının qalibini elan etməyə hazırlaşırlar.


Mənbə: BBC

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et