Bu gün:

İntrovert və ekstrovert beyinlər arasındakı fərqlər


İnsanların sosial davranışlarındakı fərqlər təkcə xarakterdən deyil, beyin kimyasından və sinir sistemi fəaliyyətindən də qaynaqlanır. Bu məqalədə introvert və ekstrovert insanların beyinlərindəki əsas fərqləri izah edəcəyik.

Beyindəki kimyəvi maddələr: Dopamin və asetilxolin

İnsan beynində iki güclü kimyəvi maddə var ki, onlar davranışımıza birbaşa təsir edir: dopamin və asetilxolin.

• Dopamin – sürətli hərəkətlər, risk almaq və yeni şeylər yaşamaq zamanı beyində "zövq partlayışları" yaradır. Ekstrovertlər dopaminə qarşı daha az həssas olduqlarından bu hissi yaşamaq üçün daha çox sosiallaşmağa və hərəkətə ehtiyac duyurlar.

• Asetilxolin – daha sakit və dərin fəaliyyətlər zamanı beyində məmnunluq, rahatlıq və diqqət yaradır. İntrovert insanlar sakit mühitdə oxumaq, düşünmək və tək qalmaq zamanı bu maddənin təsirini hiss edərək özlərini yaxşı hiss edirlər.

Bu izah edir ki, niyə ekstrovertlər enerji və səs-küy axtararkən, introvertlər sakit və mənalı qarşılıqlı münasibətləri üstün tuturlar.

Sinir sistemi seçimi: sürət, yoxsa sakitlik?

Hər bir insanın sinir sistemi iki hissəyə ayrılır:

1. Simpatik sistem – "qaç, döyüş ya da qorx" rejimini işə salır. Bu zaman bədən enerjiləşir, adrenalin artır və beyin sürətli qərar verməyə yönəlir.

2. Parasimpatik sistem – "dincəl və həzm et" rejimini aktivləşdirir. Bu zaman bədən rahatlayır, enerji toplanır və diqqət artır.

Araşdırmalara görə, introvert insanlar adətən parasimpatik sistemi aktivləşdirən fəaliyyətləri, yəni sakitlik, düşüncə və istirahəti üstün tuturlar. Bu səbəbdən onlar tez-tez sakit mühitə çəkilir və dərin təfəkkürə meylli olurlar.

Məlumat emalı: Qısa yol, yoxsa uzun?

İntrovert və ekstrovertlərin beyinləri məlumatı fərqli yollarla emal edir.

Ekstrovertlərdə məlumat beyində daha qısa bir yoldan keçir. Bu yol tez cavab verməyə yönəlib, məsələn, səslər, görüntülər və toxunuşlar dərhal reaksiya doğurur.

İntrovertlərdə isə məlumat uzun və mürəkkəb bir yol izləyir. Bu yol aşağıdakı beyin bölgələrindən keçir:

Empatiya və emosional təhlil mərkəzləri

Daxili danışıq və özünü qiymətləndirmə sahələri

Qərar vermə və nəticələri təhlil edən beyin lobları

Uzunmüddətli yaddaşı formalaşdıran hipokampus

Bu səbəbdən introvert insanlar tez-tez "hər şeyi çox düşünməkdə" ittiham olunsalar da, əslində, onların beyni sadəcə daha dərin və geniş analiz aparır.

Genetik və anatomik fərqlər

Tədqiqatlar göstərir ki, introvertlərin beynindəki ön beyin qabığı (prefrontal korteks) daha qalındır. Bu sahə abstrakt düşüncə, planlama və qərarvermə ilə əlaqəlidir. Ekstrovertlərdə isə bu sahə daha incədir, bu da onların daha çox "anı yaşamağa" meyilli olmalarına səbəb ola bilər.

Bu fərqlər göstərir ki, introvert və ekstrovert olmaq sadəcə seçim deyil – bu, beyindəki struktur və kimyəvi fərqlərlə bağlı təbii meyldir.

Hər bir insan introvert və ya ekstrovert ola bilər və bu fərqliliklər həyatın müxtəlif sahələrində özünü göstərir. Ancaq unutmamalıyıq ki, heç kim tam şəkildə yalnız bir qütbdə olmur – zamanla şəraitə uyğun olaraq hər birimiz introvert və ya ekstrovert davranışlar sərgiləyə bilərik.

Bu səbəbdən, bir-birimizi başa düşmək və fərqlərimizi qəbul etmək daha sağlam münasibətlər və daha dərin anlaşma yaradır.

Mənbə: İntrovert, dear

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et