Bəzi insanlar ömürləri boyu nəinki təyyarəyə minmədən, hətta dənizi belə görmədən yaşayırlar. Ancaq bir insanın bütün həyatı boyu heç bir qadını görməməsi olduqca qeyri-adi və inanılması çətin hadisə kimi görünür. Lakin rahib Mixailo Tolotos məhz belə bir həyat yaşayıb və bu istiqamətdə misilsiz bir nümunəyə çevrilib.

Doğulduqdan cəmi dörd saat sonra anasını itirən Tolotos nə ailəsi, nə də digər qohumları tərəfindən sahiblənmədiyi üçün Yunanıstanda yerləşən məşhur və sərt qaydaları ilə tanınan Afos dağındakı bir monastırın qapısına buraxılıb. Burada keşişlər tərəfindən böyüdülən Tolotosun həyatı tamam fərqli, dünyadan təcrid olunmuş bir dini nizamla formalaşıb. Monastırın əsas qaydalarından biri “Avaton qanunu” kimi tanınan və qadınların bu əraziyə girişini tamamilə qadağan edən ənənə olub.
Hətta dişi heyvanların da əraziyə daxil olması qadağan olunub; yalnız siçanları ovlamaq üçün bir neçə dişi pişiyin saxlanmasına icazə verilib. Bu səbəbdən Mixailo uşaqlığından etibarən heç bir qadınla qarşılaşmayıb. O, avtomobilləri, fotoaparatları, hətta müasir texnologiyanın ən əsas nailiyyətlərini belə görmədən yaşayıb. Onun üçün həyat yalnız monastır həyatının sadəliyi və dini nizam-intizamla məhdudlaşıb.
Monastır daxilində xarici dünya ilə bağlı suallar vermək qəti qadağan edildiyindən Tolotosun bu dünyanın kənarında nələrin olduğunu maraqlanıb-maraqlanmadığı da naməlumdur. Bəzi iddialara görə, onu xarici aləmdən uzaq saxlayan səbəb inanc deyil, daha çox bilinməyənə qarşı duyduğu qorxu olub.
Uzun illər ərzində bir çox kişi ziyarətçilər ilə qarşılaşsa da, onlardan monastır xaricindəki dünya barədə sorğu-sual etməsi texniki baxımdan mümkün olmayıb. Beləliklə, dünya dəyişib inkişaf etdiyi halda, Tolotosun dünyası olduğu kimi qalıb. Nə radio, nə paltaryuyan, nə də fotoaparat kimi ixtiralardan xəbərdar olub – yalnız mənəvi saflığa nail olmağa çalışaraq həyat sürüb.
Ömrünün sonunda digər bütün keşişlərdən fərqli olaraq heç bir qadın görmədən dünyasını dəyişdiyinə görə onun üçün xüsusi dəfn mərasimi təşkil olunub.
Mixailo Tolotosun həyat hekayəsi ABŞ-nin Konektikut ştatında nəşr olunan Hartford Courant qəzetində dərc olunub. Lakin xəbər mənbəsi göstərilmədiyi üçün zaman keçdikcə bu hadisənin gerçək olub-olmadığı sual altına alınıb. Bəzi şəxslər bu hekayənin gəncləri dini həyata həvəsləndirmək məqsədilə monastır tərəfindən uydurulduğunu iddia edirlər. Digərləri isə Tolotosun real şəxs olduğunu qəbul etsələr də, körpə ikən süd qəbul etməsi üçün heç olmasa bir qadının varlığına ehtiyac olduğunu əsas gətirərək “heç qadın görməyib” iddiasına skeptik yanaşırlar.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
