Bu gün:

Məktəb psixoloqlarının rolu və təhsildə əhəmiyyəti-Təhsil eksperti ilə müsahibə


24media.az-ın növbəti müsahibi təhsil eksperti Cahid İmanlıdır. O, məktəb psixoloqlarının təhsildə rolundan danışıb.

 

Məktəb psixoloqlarının əsas rolu nədir?


Məktəb psixoloqlarının əsas rolu şagirdlərin emosional, sosial və akademik inkişafını dəstəkləməkdir. Onlar şagirdlərin psixoloji vəziyyətini daim izləməli və ehtiyac olduqda fərdi dəstək göstərməlidirlər. Eyni zamanda, ailələrlə və müəllimlərlə sıx əməkdaşlıq edərək bullinq, zorakılıq, ailədaxili problemlər və stress kimi hallarda vaxtında müdaxilə etməlidirlər. Psixoloqlar həm də şagirdlərin intellektual və sosial bacarıqlarını inkişaf etdirməyə yardım etməlidir.


Məktəblərdə psixoloq mövcudluğu təhsilin keyfiyyətinə necə təsir edir?


Psixoloqlar məktəblərdə sağlam psixoloji mühit yaradırlar. Bu, şagirdlərin rifahına, müəllimlərin iş yükünün azalmasına və ümumilikdə tədrisin keyfiyyətinə müsbət təsir göstərir. Psixoloq problemi olan şagirdlərlə fərdi şəkildə işləməklə sinifin ümumi dinamikasını stabilləşdirə, müəllimin pedaqoji fəaliyyətini daha səmərəli edə bilər. Bu isə məktəb daxilində və cəmiyyət daxilində daha sağlam atmosferin formalaşmasına səbəb olur.


Psixoloqlar şagirdlərin akademik uğurlarına necə təsir edə bilər?


Psixoloqlar şagirdlərin imtahanqabağı stressini və həyəcanını azaltmaqla, onların dərsdən yayınmasına səbəb olan psixoloji baryerləri aradan qaldırmaqla akademik göstəricilərə birbaşa təsir edə bilirlər. Həmçinin onlarda özgüvən hissini formalaşdırmaq, vaxt bölgüsünü düzgün planlamağı öyrətmək kimi bacarıqların aşılanması da nəticədə şagirdlərin akademik uğurlarına müsbət təsir edir.


Ümumi olaraq, bu gün məktəb psixoloqlarının üzərinə düşən yük kifayət qədər böyükdür. Təcrübəli və peşəkar psixoloqlara ciddi ehtiyac var. Bu sahədə çalışan mütəxəssislərin mütəmadi təlimlərə cəlb olunması və məktəblərdə şagird sayına uyğun şəkildə psixoloq sayının artırılması vacibdir. Bu, təkcə təhsilin keyfiyyətinə deyil, gələcək nəsillərin sağlam formalaşmasına da təsir edəcək əsas amillərdəndir.


Aysu Əsədova

Paylaş
Şərh əlavə et