24media.az-ın budəfəki mövzusu süni intellektin təhsil sisteminə təsiridir.

-Süni intellekt müəllimləri əvəz edə bilərmi?
Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə süni intellektin (Sİ) təhsil sisteminə təsiri geniş müzakirə olunur. Bəziləri düşünürlər ki, süni intellekt müəllimlərin işini asanlaşdıracaq, digərləri isə onun insan ünsiyyətini əvəz edə bilməyəcəyini vurğulayır. Bu mövzu ətrafında aparılan müzakirələrə biz də iki müəllimlə etdiyimiz müsahibələrlə qatıldıq. Onların fikirləri süni intellektin imkanları ilə yanaşı, onun məhdudiyyətlərinə də işıq tutur.
Rəqəmli idarəetmə sistemləri müəllimi Ayçillər Aslanova: “Süni intellekt heç vaxt müəllimi əvəz edə bilməz”.

“Süni intellekt nədir? Ümumilikdə desək, bu sistem insan və heyvandan fərqli olaraq maşın və proqram təminatına əsaslanır. Amma müəllim kimdir? Müəllim təhsil və tərbiyə sahəsində çalışan, şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirməyə çalışan, dəstək olan bir pedaqoqdur. Təhsil isə yalnız sinif otağından ibarət deyil — bu, öyrənmə, təcrübə, hiss və duyğuları əhatə edən geniş bir prosesdir.
Süni intellekt isə yalnız mövcud verilənlər bazasındakı məlumatı təqdim edir. Orada hiss, empatiya və mənəvi dəyərlər yoxdur. Əlbəttə, süni intellekt həyatımızda bir çox sahələrdə faydalıdır, amma müəllimin əsas üstünlüyü insan münasibətlərində, empati qurmaqda və tərbiyəvi prosesdədir. Buna görə də süni intellekt nə qədər inkişaf etsə də, müəllimi tam şəkildə əvəz edə bilməz”.
Mikroprosessorlar və proqramlaşdırılan inteqral mikrosxemlər müəllimi Ləman Abdullayeva: “Süni intellekt yalnız köməkçi ola bilər, əvəz edən deyil”.

“Süni intellekt bu gün ən aktual mövzulardan biridir. Amma mənim fikrimcə, süni intellekt müəllimi tam şəkildə əvəz edə bilməz. Bəli, fərdi öyrənmə planlarının hazırlanmasında, bəzi texniki məsələlərdə bizə dəstək ola bilər. Lakin sinifin idarə edilməsi, etik və mənəvi dəyərlərin ötürülməsi, insan münasibətləri kimi sahələrdə süni intellektin rolu yoxdur.
Bu səbəbdən süni intellekt yalnız müəllimə yardımçı vasitə kimi faydalı ola bilər. O, heç vaxt müəllimin yerini tuta bilməz”.
Hər iki müəllimin fikirlərindən aydın olur ki, süni intellektin təhsildə mühüm dəstək rolu olsa da, o, müəllimin yerini almaq üçün kifayət etmir. Müəllimlik yalnız məlumat ötürmək deyil, həm də insan formalaşdırmaq, dəyərlər aşılamaq, empatiya qurmaq sənətidir. Süni intellekt bu dəyərləri əvəz edə biləcək səviyyədə deyil. Gələcəyin təhsili isə müəllim və texnologiyanın birlikdə işlədiyi balanslı bir modelə əsaslanacaq.
Aysu Əsədova
