Bu gün:

“Mövzusu modelliklə bağlı olan obrazı canlandırmaq istəyərdim”- aktrisa ilə MÜSAHİBƏ


“Mövzusu modelliklə bağlı olan obrazı canlandırmaq istəyərdim”- aktrisa ilə MÜSAHİBƏ


24Media-nın budəfəki müsahibi model və "İmtahan" serialının aktrisası Üzel Kərimovadır.

 Üzel xanım, söhbətimizə bu sənətə gəlişinizdən başlamaq istərdik. Bu haqda danışa bilərsinizmi?

- Danışılacaq çox mövzu yoxdur. Bu sahədə yeniyəm. Bacımı kastinqlərə apararkən bir seriala çəkilmək üçün təklif aldım. Əvvəlcə qərarsız idim, lakin “bəlkə” deyib başladım. 2 hissə çəkdik, amma yayınlanmadı. İlk təcrübəm bu cür oldu. Hazırkı təcrübəmlə o serialın ssenarisinə və aktyor heyətinə nəzər yetirdikdə “kaş, yayınlansaydı”, - deyirəm, çox uğurlu layihə olardı. Daha sonra, gözəllik müsabiqəsində iştirak etmək üçün dəvət aldım. Müsabiqənin qalibi oldum. Sonra da “İmtahan” serialı mənim üçün dönüş nöqtəsi oldu. Yaxşı ki, də oldu.

Heç olubmu ki, modellik işini çəkildiyiniz seriala yansıtmaq istəyəsiniz?

- Mövzu modelliklə bağlı olsa, o obraza can vermək istəyərdim. Əks halda, hər iş öz yerində gözəldir. 

Modellik və ya aktrisa seçimi qarşısında qalmısınızmı? 

- Bu mövzuya aydınlıq gətirmək istəyirəm. Uzun müddət modellik etmədim, daha çox müsabiqə iştirakçısı oldum. İkisi arasında seçim etməyə ehtiyac qalmadı, artıq tərəfimi seçmişəm.

Adınız bir qədər fərqlidir. Bu haqda danışa bilərsinizmi?

- Əsl adı Yüksel Katmer olan, lakin Yüksel Uzel kimi tanınan türk müğənnisinin adından götürülüb. İlk hərfi “ü” ilə dəyişdirilib, sadəcə.

İmtahan serialındakı “İnci” obrazı ilə sizin nə kimi oxşar cəhətləriniz var?   

- Serial 3 mövsüm davam etdi. “İnci” obrazının başına ağır hadisələr gəldi, real həyatda onları yaşamasam, necə münasibət göstərəcəyimi bilmərəm. Serial ilk başlayanda cüzi oxşar cəhətlərimiz var idi, lakin baş verən hadisələrdən sonra heç bir oxşarlıq qalmamışdı. 

 “İmtahan" serialının ssenarisində diqqətinizi çəkən nə oldu?

- Mövzunun tələbələrlə bağlı olması kifayət qədər diqqətçəkən idi. 

Ümumiyyətlə, sizin üçün hansı daha önəmlidir, kollektiv, yoxsa proyekt? 

- İlk proyektə, daha sonra kollektivə baxırsan, lakin bizim işimiz hisslərlə bağlı olduğu üçün kollektiv vacibdir. Bu subyektiv fikrimdir, mənim kimi düşünməyənlər olacaq.  

Müsahibələrinizin birində “Bizim rejissorlar haqqında danışmayaq” demisiniz, nəyə görə belə düşünürsünüz?  

- “Aktyorda nə olmalıdır ki, rejissor onu görsün və qabağa çəksin?” sualını ünvanlamışdılar. Rejissorların adından danışmaq istəmədiyimi bildirmişdim.

Sosial mediadan aldığımız məlumatlara görə, Taleh Yüzbəyov ilə yeni bir proyektə başlamısınız, bu haqda nə deyə bilərsiniz?  

- Nə yaxşı?! Bundan xəbərim yox idi. Sadəcə, “YouTube” platforması üçün çəkdiyi qısa videoda iştirak etmişdim. Hələ ki, başqa heç nə yoxdur. 

Deyirlər ki, serialdakı cütlüklər real həyatda da yaxın olurlar. Tam əksi olan mövzu barəsində sual versəm, bəs sizin Taleh bəylə hansı xasiyyətləriniz üst-üstə düşmür?

- Bu suala Taleh də cavab verə bilməz, çünki, sadəcə “Karantinvari toy”da 2 günlük çəkilişimiz olub. Hikmət Rəhimov 3 sezon “İmtahan” serialında tərəf müqabilim idi. Əlbəttə, insanların üst-üstə düşməyən xasiyyətləri olur. Yəqin ki, bizim də var idi, lakin bunu indi xatırlamıram.

“İnstagram” platformasından başqa, digər sosial şəbəkələrdə az nəzərə çarpırsınız, sizcə, bu asosial olduğunuzu deməyə gətirib çıxara bilər?  

- Demək olar ki, sadəcə “İnstagram”da aktiv paylaşım edirəm. Digər platformalara ayıra biləcəyim çox vaxtım yoxdur. Təbii ki, mövzusu iş olmadığı müddətcə. Asosial olma mövzusunu düşünməliyəm.

Sərt karantin rejimi müddətində nələr etdiniz? 

- Özümü, ətrafımı motivasiya etməyə çalışsam da, düşən enerjidən payımı mən də aldım. Kitab oxumağı, film izləməyi sevən bir insanam, amma bu zamanlarda diqqətimi evdən kənarda olan xəbərlər çəkirdi. Pandemiyadan əvvəl özümü daha çox inkişaf etdirmişdim.

“YouTube”a videolar çəkməyi nəyə görə dayandırdınız?

- Heç başlamadım desəm daha doğru olar. Əyləndiyim bir neçə anı ölümsüzləşdirmək istəmişdim, “YouTube” kanalımda olan videolar bundan ibarət idi. Başlamaq istəyərəm, bunun üçün zamanımı doğru planlaşdırmalıyam, yəni hələlik bir arzudur.  

"Başlamaq üçün möhtəşəm olmaq yox, möhtəşəm olmaq üçün başlamaq lazımdır" fikrinə münasibətiniz necədir?

- Tamamilə razıyam. İnsan zirvədə olarsa, qalxacağı başqa zirvə olmaz, sonrakı addım enməkdir. Lakin insan daim zirvəyə qalxan yolda olarsa, hər addımı növbəti möhtəşəmliyin başlanğıcıdır.  

Günümüzün gəncləri etmək istədiklərini daxillərindəki tənbəlliyə görə təxirə salırlar. Sizin etməyib sonradan peşman olduğunuz nəsə olub?

- Çox olub. Amma yaxşı ki, həyatıma dərin izlər və peşmanlıqlar gətirəcək dərəcədə olmayıb. Hər anın dəyərini bilmək və doğru dəyərləndirmək lazımdır. Böyüklərimiz “hər anın qızıldır” sözünü boş yerə deməyib.  

Oxucularımıza həyatda nailiyyət əldə etmək üçün nə etməyi məsləhət görürsünüz?

- İnansınlar... Özlərinə, arzularına, gələcəyə, uğura inansınlar. İnanmaq ilk addımdır. Bir işi inanaraq görmək bu yolda uğura bir addım daha yaxın olmaqdır. Tənbəllik etməsinlər, çünki yaşlandıqları zaman üzüləcəkləri tək şey itirdikləri zaman olacaq. 

Məryəm Bayramova

Paylaş
Şərh əlavə et