Bu gün:

Distopik ədəbiyyatın yüksəlişi


Son dövrlərdə distopik ədəbiyyatın populyarlığının artması cəmiyyətin kollektiv şüurundakı narahatlıqların və gələcəyə dair dərin qorxuların təzahürü kimi dəyərləndirilə bilər. 

Bu janr tarix boyu olduğu kimi bu gün də insan cəmiyyətindəki problemləri və təhlükələri bədii prizmadan əks etdirərək oxucunu düşündürmə gücünə malikdir.

George Orwell-in 1984 və Aldous Huxley-in Brave New World kimi klassiklər, texnoloji nəzarət, avtoritar sistemlər və fərdi azadlıqların məhdudlaşdırılması mövzularını qabartmaqla cəmiyyətə xəbərdarlıq etməyi qarşıya məqsəd qoyur. Müasir dövr yazıçıları – məsələn, Suzanne Collins və Margaret Atwood – isə bu ənənəni davam etdirərək nəzarət, sosial bərabərsizlik, iqlim böhranı və qadın haqları kimi gündəmdə olan məsələləri distopik təsvirlərlə gündəmə gətirirlər.

Distopik ədəbiyyat bu gün bir janr olaraq sadəcə ədəbi maraq obyektinə çevrilməyib, həm də aktual problemlərin güzgüsünə dönüb. Oxucular bu əsərlərdə cəmiyyətin mümkün gələcək ssenarilərini izləyir, bəzən qorxu ilə, bəzən də fərqindəlik və müqavimət ruhu ilə bu dünyalarla emosional əlaqə qururlar. Texnologiyanın sürətlə inkişaf etdiyi, siyasi sistemlərin qeyri-sabit olduğu və ətraf mühitlə bağlı ciddi çağırışların yaşandığı bir dövrdə, bu janr həm fərdi, həm də ictimai səviyyədə təhlil və sual doğurur: əgər bu yolla davam etsək, nəticə necə olacaq?

Eyni zamanda, bu ədəbiyyat janrı yalnız qorxuları təsvir etməklə kifayətlənmir. O, həm də müqavimət, ümid və dəyişiklik ruhunu aşılayır. Distopik dünyalarda qəhrəmanların azadlıq, ədalət və həqiqət uğrunda apardıqları mübarizə, oxucuya ilham verir və insan iradəsinin gücünü ön plana çəkir.

Beləliklə, distopik ədəbiyyat cəmiyyəti tənqid edən, gələcək üçün xəbərdarlıq edən və insan ruhunun gücünü, mübarizə əzmini göstərən çoxqatlı və güclü bir vasitədir. Onun davamlı populyarlığı bu janrın müasir insanın narahatlıqlarına, ümidsizliklərinə və eyni zamanda, dəyişiklik arzusuna cavab verdiyini göstərir.

Mənbə: Medium 

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et