Bu gün:

“Sürətli nəticə vədləri sadəcə marketinqdir“


Son dövrlərdə sosial mediada sürətli arıqlama və detoks məhsullarının reklamları ilə tez-tez qarşılaşırıq. Ancaq bu tip vədlərin arxasında sağlamlıqdan çox marketinq strategiyaları dayanır. Amerika Tibbi Akademiyasının ( NASM ) arıqlama və sağlamlıq üzrə mütəxəssisi Firuz Məcidov bu haqda həqiqətləri izah edir.


Sosial şəbəkələrdə yayılan sürətli arıqlama metodları, doğrudan da, effektivdir, yoxsa bu sadəcə marketinqdir?



Bu sahəyə illərini sərf etmiş, təhsil almış və təcrübə qazanmış bir mütəxəssis olaraq deyə bilərəm ki, sürətli arıqlama mövzusu məhz marketinq məqsədi daşıyır. Bu, sadəcə mövzudan xəbəri olmayan insanları aldatmaq üsuludur. Müxtəlif detokslar və təmizləyici sular bədənin işləmə mexanizmini anlamayan şəxslərin digər insanları çaşdırması nəticəsində ortaya çıxır. Çünki bədəndə yağ yandırmaq və su atmaq tamamilə fərqli mexanizmlərlə baş verir.


Nə üçün fərqlidir?


Arıqlamaq, yağ yandırmaq və çəki azaltmaq bir-birindən fərqli anlayışlardır. Məsələn, bir insanın həzmsizlikdən dolayı bədənindəki qazın çıxması belə tərəzidə çəkisinin azalmasına səbəb ola bilər. Eyni zamanda, gün ərzində kifayət qədər su içməyən bir insan, bədənindəki suyun azalması nəticəsində çəkidə azalma görər. Lakin bu, yağ yandırmaq demək deyil.


Bizim əsas məqsədimiz sadəcə arıqlamaq deyil, yağ yandırmaqdır. Yağ yandırmaq isə bədəndə uzun müddət davam edən bir metabolik prosesdir. Sürətli nəticə vədi verən reklamlar, sadəcə bədəndəki suyun atılması ilə nəticələnir.  Buna görə də, ilk mərhələdə tərəzidə sürətli bir azalma görünsə də, bu, yağların deyil, suyun itirilməsi deməkdir.


Bəzi  insanlar "iki həftəyə on kilo arıqla, on beş kilo arıqla" kimi marketing hiylələrinə inanırlar.  Lakin bu insanlar sadəcə bədənlərindən su atırlar. Çünki düzgün qidalanmayan insan istənilən halda  bədəninə ödəm dediyimiz çirkli suyu yığır. Bu su çəkildikdə isə avtomatik olaraq, tərəzidə dəyişiklik və biraz görünüşdə süzülmə müşahidə olur. Bu insanlar düşünür ki, "mən arıqladım, onlar verdiyi vədə əməl etdi". Xeyr, sən arıqlamadın, sən sadəcə su itirdin.


Əslində, sağlam yağ yandırma prosesi həftədə maksimum bir kiloqramlıq itki ilə müşahidə olunmalıdır. Çünki daha sürətli çəki itkisi bədəndə əzələ kütləsinin də zərər görməsinə səbəb ola bilər.


Bəs əsas məqsəd nə olmalıdır?


İstər diyetlərdə, istərsə də idman proqramlarında məqsədimiz yağ kütləsini azaltmaq və əzələ kütləsini qorumaq olmalıdır. Bu prosesi tələsdirmək əvəzinə, səbirli olub uzunmüddətli məqsədlərə fokuslanmaq daha sağlam və davamlı nəticələr əldə etməyə kömək edəcək. Sosial mediada gördüyümüz sürətli nəticə vədləri sadəcə marketinqdir. Sağlam bədən üçün səbirli olmaq və real, uzunmüddətli hədəflər təyin etmək şərtdir.


Aysu Əsədova

Paylaş
Şərh əlavə et