Bu gün:

İnsanlar nə üçün psixiatr yanına getməyə çəkinirlər?


24Media.az-ın növbəti müsahibi həkim-psixiatr Türkan İbrahimovadır. O, insanların psixiatrdan çəkinmələrinin səbəblərindən danışıb.


İnsanlar nə üçün psixiatr yanına getməyə çəkinirlər?



İnsanlar psixiatra müraciət etməyin cəmiyyətdə yanlış anlaşıldığını düşünərək çəkinirlər. Bu, tibbdə stiqmatizasiya adlanır. Stiqma yunan sözü olub, damğalama, kənarlaşdırma kimi başa düşülür. Adından göründüyü kimi insanlar bu cür qorxulara görə, öz psixi və ya ruhi xəstəliklərini gizlədərək psixiatr yanına getmirlər. Əslində, burada utanmalı bir şey yoxdur. İnsanlar kənardan ruhi problemi olan şəxs gördükdə onları özlərindən kənarlaşdırmağa çalışırlar. Buna görə də xəstələr psixiatra müraciət etmirlər və ya müalicəni gecikdirirlər. Və belə olduğu halda şəxslərdəki problemlər bir müddət sonra daha da dərinləşir. 


Dediyim kimi stiqma adlanan bu problem zaman keçdikcə pasientləri həm işdən, həm təhsildən, həm də sosial cəmiyyətdən uzaqlaşdırır. Məsələn, depressiyada olan bir şəxs təbii haldır ki, kefsiz olur və ya kədərli vəziyyətdə olur. Bunun üçün psixiatra müraciət edib müalicə olmaq istəyir. Lakin kənardan bir başqası həmin adama niyə daima kədərli olduğunu soruşanda və ya onun bu vəziyyətini gülüş obyektinə çevirəndə stiqma dediyimiz problem baş qaldırır. Bu da öz növbəsində pasientin müalicənisini gecikdirir və yaxud pasient müalicədən uzaqlaşır. Və hətta bəzi hallarda intiharla belə nəticələnə bilir. 


Digər bir nümunə-şizofreniya xəstələri. Bu cür insanlar tez-tez sayıqladıqları üçün və ya gözlənilməz hərəkətlər etdikləri üçün cəmiyyət tərəfindən uzaqlaşdırılırlar. 


Bundan başqa, abseztiv-kambusiv pozğunluq adlanan başqa bir xəstəlik var ki, insanlar bu zaman etdikləri hər hansısa bir şeyi 3-4 dəfə yoxlayırlar. Məsələn, evdən çıxan zaman bir şəxs qazı, suyu, işığı bağladıqları halda, ən azı 3 dəfə yoxlayırlar. İnsanlar belə etdikləri şeyləri də kənardan qəribə və ya gülünc görsənər deyə, heç kimə deyə bilmirlər, həkimə müraciət etməyə çəkinirlər. 


Bunların qarşısını almaq üçün ümumi bir mərkəz yaradılsa və ya media tərəfindən bununla bağlı maarifləndirici çəkilişlər olsa, bu cür halların sayı kəskin azalar.


Əli Mehdili

Paylaş
Şərh əlavə et