
Bizi uğura aparan səbəb eyni zamanda xoşbəxtliyimizə mane ola bilərmi?
Uğur üçün daimi mübarizə aparsaq da, bəzən daxilimizdə bir boşluq qalır. Bəs bu paradoksun kökündə nə dayanır? Bu suala cavab verən anlayışlardan biri "Rosebud Fenomeni" adlanır. Bu anlayışın adı məşhur Citizen Kane filmindəki son və sirli "Rosebud" sözündən götürülüb və dərin psixoloji həqiqəti əks etdirir: keçmişdə yaşanmış bir travma, itki və ya emosional ehtiyac, uğura aparan daxili mühərrikə çevrilə bilər.
Bu keçmiş yaralar bəzən bizə daha çox çalışmaq, özümüzü sübut etmək ehtiyacı yaradır. Lakin bu dinamika bizi daxili rahatlıqdan, mənadan və sevincdən uzaq sala bilər.
Status anksiyete mədir?
Bu daxili gərginliyin müasir həyatdakı ən aydın əksi isə status anksiyetesi adlanır. Filosof Alain de Botton-un dediyinə görə, status anksiyetesi – cəmiyyətin təyin etdiyi uğur meyarlarına cavab vermədiyimizi düşündüyümüzdə yaranan narahatlıqdır. "Uğurlu deyiləm", "yetərincə tanınmıram", "başqalarından geri qalmışam" kimi düşüncələr insanın həyatında uzunmüddətli iz buraxa bilər.
Əslində bu narahatlıq yalnız uğurla deyil, mənayla bağlıdır. Mənamız – özümüzə və həyatımıza anlatdığımız hekayədir. Əgər keçmiş travmalarımıza dair şəfqətli və gücləndirici bir hekayə yarada bilməmişiksə, içimizdə daimi bir "yetərsizəm" hissi yaşayır. Elə bil ki, öz yerimizi sübut etmək üçün daim nəyisə isbat etməliyik.
Status anksiyetesinin 3 əlaməti
Bəs bu hissin sizin həyatınızda olub olmadığını necə anlaya bilərsiniz? Budur, üç incə, lakin güclü əlamət:
1. Başqaları ilə özünüzü müqayisə edirsiniz
Sosial şəbəkələrdə, universitetdə, iş yerində başqalarının “mükəmməl” həyatını görürsünüz. Onların uğurları, xarici görünüşü, həyat tərzi sizə özünüzü natamam hiss etdirir. Elə bil daim “o biri” insanların səviyyəsinə çatmağa çalışırsınız.
2. Daim yeni nailiyyət axtarışındasınız
Bir hədəfə çatdıqdan sonra sevinc çox qısa sürür. Tezliklə başqa bir məqsəd ortaya çıxır. Daha çox qazanmaq, daha yüksək pilləyə qalxmaq, daha çox tanınmaq. Lakin bu yolun sonu yoxdur, çünki axtardığınız təkcə uğur deyil – daxili dəyər hissidir.
3. Uğur sizi daha xoşbəxt etmir
Nə qədər yüksəlsəniz də, daxilinizdə yüngüllük deyil, daha çox yük hiss edirsiniz. Hətta bəzən qazandığınız uğurlar sizə xoşbəxtlik yox, qorxu – “bunu itirə bilərəm” hissi verir. Bu səbəbdən bir çox yüksək performans göstərən insanlar, məşhurlar və iş adamları göz önündə hər şeyə sahib görünsələr də, daxildə dərin bir boşluq yaşayırlar.
Mənbə:psychology today
Tərcümə etdi:Fatimə Cabbarlı
