56 il əvvəl bu həftə nümayişə girən "Midnight Cowboy" (Gecəyarısı Kovboyu) Hollivudun kütləvi uğur anlayışını dərhal dəyişdirib. Yalnızlıq və Nyu Yorkda sağ qalma mövzularını əhatə edən qaranlıq bir hekayə olan film baş rollardakı aktyorların karyeralarını müəyyən edən performansları ilə diqqət çəkib.

1969-cu il mayın 25-də kinoteatrlarda nümayiş olunan film Hoffman və həmkarı Con Voight üçün Oskar namizədliyi qazandırıb. Voight film boyu zəngin qadınların diqqətini çəkməyə çalışan sadəlövh Texaslı bir gənci canlandırır. Film Ceyms Leo Herlihinin 1965-ci il romanına əsaslanıb. Hoffmanın əvvəlki rolu rejissor Con Şlesincer üçün onu "Ratso" Rizzonun küçə həyatı ilə uyğun görməyə imkan verməyib. Filmin prodüseri Cerri Hellman Hoffmanı "Eh?" adlı teatr tamaşasında görüb və onun obraz aktyoru kimi potensialını vurğulayıb. Rizzo obrazını yaratmaq üçün Hoffman ayağını topal göstərmək məqsədilə ayaqqabısının içinə daş qoyub.
Jon Voight da əvvəlcə uyğun sayılmayıb. Rejissor onun görkəminin rol üçün uyğun olmadığını düşünüb. Ancaq tanınan kastinq direktoru Marion Dougherty Voight-in potensialını vurğulayıb. Sınaqdan keçdikdən sonra rejissor onu siyahıya əlavə edib. Başqa bir aktyor Maykl Sarrazin seçilib, lakin o, Universal studiyası ilə müqaviləli olduğundan və studiya qiymətini üç dəfə artırdığından, yenidən Voight-in sınaqları nəzərdən keçirilib və o, filmin çəkilişlərinə qatılıb.
Film "Everybody’s Talkin’" mahnısı ilə montaj edilib. Bu mahnı qəhrəmanların daxili boşluğunu və daha yaxşı gələcəyə olan ümidsiz arzusunu təcəssüm etdirib. Lakin studiya əvvəlcə artıq mövcud olan mahnının istifadəsinə qarşı çıxıb. Bob Dilan, Coni Mitçell kimi sənətçilərdən yeni mahnılar istənib, lakin ya uyğun gəlməyiblər, ya da gecikiblər. Dilanın "Lay Lady Lay" mahnısı çox gec təqdim olunub. Nəticədə, studiya son anda fikrini dəyişib və orijinal mahnını saxlamaq qərarına gəlib.
Film cinsi zorakılıq, fahişəlik və narkotik istifadəsi səhnələri səbəbilə MPAA tərəfindən əvvəlcə "Restricted" (R) reytinqi alıb. Lakin studiya rəhbəri Artur Krim daha sərt addım atıb. Bir psixiatrın “homoseksual çərçivəli” film kimi qiymətləndirməsindən sonra o, filmi X reytinqinə salıb, bu da 16 yaşdan kiçik tamaşaçılar üçün tam qadağa demək idi.
Film böyük sürprizlə uğur qazanıb, 4 milyon dollarlıq büdcəsini 10 dəfə artıraraq geri qaytarıb və 1969-cu ilin ən çox gəlir gətirən üçüncü filmi olub. O, yeddi Oskar nominasiyası alıb və ən yaxşı rejissor (Con Şlesincer), ən yaxşı adaptasiya olunan ssenari (Valdo Salt) və ən yaxşı film Oskarlarını qazanıb. X reytinqli film olaraq bu mükafatı qazanan yeganə film olub.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
