Bu gün:

Texnologiya müəllimi əvəz edə bilərmi? – Təhsil ekspertləri ilə müsahibə


Texnologiyanın təhsillə inteqrasiyası son illərdə sürətlənib. Süni intellekt, onlayn tədris platformaları, virtual siniflər artıq təhsil sisteminin gündəlik reallığına çevrilib. Bəs bu inkişaf fonunda texnologiya müəllimi əvəz edə bilər? 24Media.az bu sual ilə təhsil ekspertlərinə müraciət edib.


Təhsil eksperti Elvin Bədirov texnologiyanın təhsildə bir çox üstünlüklər yaratdığını qeyd edir. 


“Onlayn platformalar və süni intellekt əsaslı alətlər dərsləri həm əlçatan, həm də fərdiləşdirilmiş edirİndi məlumat saniyələr içində əldə olunur. Virtual siniflər, elektron lövhələr dərsləri daha interaktiv edir. Lakin texnologiya müəllimin empatiya, motivasiya və bələdçilik funksiyasını əvəz edə bilməz”.


O, hesab edir ki, texnologiya müəllimi sıradan çıxarmaq yerinə onun yükünü azaldır: 


“Test yoxlaması, dərs resurslarının hazırlanması kimi texniki işləri texnologiya üzərinə götürür. Bu isə müəllimə yaradıcılıq üçün daha çox imkan verir”.


Təhsil eksperti Rizvan Fikrətoğlu da texnologiyanın təhsil prosesinə verdiyi töhfələri vurğulayır. 


“Artıq şagirdlər özləri internet vasitəsilə bilik əldə edə bilirlər və bu, müəllimin əvvəlki bilik daşıyıcısı funksiyasını dəyişib. Müəllim indi öyrədən yox, yönləndirən olmalıdır. O, şagirdlərə tənqidi düşünmək, məlumatı analiz etmək və düzgün nəticəyə gəlmək bacarığını öyrətməlidir”.


Ekspert sonda əlavə edir ki, müəllim, eyni zamanda, əxlaqi və sosial dəyərləri aşılayan şəxsdir və texnologiya bu funksiyanı yerinə yetirə bilməz.


Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et