Qadınların kino sənayesində iştirakının pis qarşılandığı bir dövrdə gənc bir qadın fərqli xəyallar qurmağa cəsarət edib.

1920-ci illərin müstəmləkə Hindistanında, PK Rosy müasir Kerala ştatında malayalam dilində çəkilmiş ilk filmdə baş rol oynayan ilk qadın olub. O, 1920-ci illərdə çəkilən "Vigathakumaran" (İtmiş uşaq) adlı filmə çəkilib. Lakin öncülük edən bir qadın kimi xatırlanmaq əvəzinə, onun hekayəsi kasta ayrı-seçkiliyi və ictimai təzyiqlə unudulub.
Rosy aşağı kasta mənsub olub və Vigathakumaran filmində yuxarı kasta qadını canlandırdığı üçün sərt tənqidlərə məruz qalıb. Demək olar ki, 100 il sonra Rosy-nin roluna dair heç bir konkret sübut yoxdur. Filmin lentləri məhv edilib, aktyor heyəti və yaradıcı qrup dünyasını dəyişib.
Yalnız 1930-cu ilin oktyabrına aid olduğu iddia edilən bir mətbuat açıqlamasından bir neçə şəkil qalıb və yerli qəzetlərdə Rosy-yə aid olduğu güman edilən təsdiqlənməyən bir qara-ağ fotoşəkil yayılıb. Google belə onun 120 illik yubileyini qeyd edərkən həmin şəkilə bənzər bir illüstrasiya istifadə edib.
PK Rosy 1900-cü illərin əvvəlində, indi Kerala adlanan Travancore krallığında Rajamma adı ilə doğulub. O, Dalitlərin bir hissəsi olan Pulaya icmasından gələn ot biçən bir ailəyə mənsub olub və Hindistanın sərt kasta sistemində ən aşağı pillədə yer alıb. Bütün bu sosial çətinliklərə baxmayaraq, Rosy fərqli xəyallar qurub. Dayısının teatr aktyoru olması Rosy-yə sənət aləminə daxil olma şansı verib. Onun aktyorluq bacarığı təqdir edilsə də, o dövrdə bir Dalit qadının aktyorluqla məşğul olması nadir hal idi.
O, yerli teatr çevrələrində tanınan bir şəxsə çevrilib və rejissor JC Danielin diqqətini çəkib. Daniel yeni filmində Sarojini adlı qadın obrazı üçün baş rol axtarııb. Daniel Rosy-nin kasta kimliyindən xəbərdar idi və yenə də onu rola seçib. Lakin filmin təqdimat günündə Rosy və ailəsinə kinoya daxil olmağa icazə verilməyib. Beləcə, Rosy-nin ictimai həyatdan və doğma evindən uzaq düşməsi ilə nəticələnən hadisələr zənciri başlayıb.
Filmin uğursuzluğu JC Daniel-i borca salıb və bir daha film çəkməyib. Sonralar o, Malayalam atası kimi tanınıb.
Rosy isə qəzəblənən bir kütlə evini yandırandan sonra şəhərini tərk edib.
O, tanınmamaq üçün ailəsi ilə bütün əlaqələri kəsib və keçmişi barədə heç vaxt danışmayıb. Daha sonra yuxarı kasta mənsub bir kişi ilə evlənərək Rajammal adını alıb. Həyatının qalan hissəsini Tamil Naduda, Nagercoil şəhərində anonim olaraq keçirib.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
