Bu gün:

Dünyadan silinən 10 gün


Bəs bilirdinizmi ki, təqvimlərimizdə, əslində, 10 gün çatmır? Telefonundakı təqvim tətbiqində 1582-ci ilə baxmaq istəyən bəzi istifadəçilər həmin dövrdə bəzi günlərin olmadığını müşahidə ediblər. Üstəlik, bu çatışmazlıq bir neçə günlə məhdudlaşmır.

Bəs səbəb nə idi?

Sosial media istifadəçiləri təqvimlərdə 1582-ci ilin oktyabr ayına baxarkən maraqlı bir məqamla qarşılaşıblar: ayın 4-dən sonra birbaşa 15-i gəlir. Təxminən 10 günlük bu boşluq əvvəlcə texniki nasazlıq və ya proqram təminatında xəta kimi qiymətləndirilib. 

Lakin həqiqət heç də belə deyil.

Əgər siz də təqvim tətbiqində 1582-ci ilə nəzər salsanız, bu qəribə mənzərə ilə qarşılaşacaqsınız. Əslində, bunun elmi və tarixi bir izahı mövcuddur. Amerikalı astrofizik və elmi-populyarlaşdırıcı Neil deGrasse Tyson bu sirri belə izah edir:

“1582-ci ildə hər 4 ildən bir ‘artıq gün’ əlavə edilən Yuli təqvimi ilə Yer kürəsinin orbitində 10 günlük fərq yaranıb. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün Papa XIII Qriqori həmin il 10 günü təqvimdən çıxararaq yeni və dəqiq Qriqorian təqviminə keçidi təmin etdi. Beləliklə, 4 oktyabrı birbaşa 15 oktyabr izlədi”.

Bəs niyə məhz oktyabr ayı seçilib?

Bu dəyişikliklərin kökündə Pasxa bayramının tarixinin getdikcə daha da səhv hesablanması dayanıb. Uzun müddət istifadə olunan Yuli təqvimi hər 314 ildən bir təxminən bir günlük gecikməyə səbəb olub. Nəticədə, 1582-ci ildə yaz gecə-gündüz bərabərliyi 21 martdan 11 mart tarixinə qədər irəliləyib.

Bu zaman uyğunsuzluğunu aradan qaldırmaq və Pasxa bayramının tarixini dəqiq müəyyənləşdirmək üçün 1562–63-cü illərdə Trent Şurası məsələni müzakirəyə çıxarıb və Papa XIII Qriqoriyə təqvim islahatına başlamağı tövsiyə edən fərman qəbul edib. Nəticədə, yaz bərabərliyini yenidən 21 mart tarixinə qaytarmaq üçün təqvimdən 10 gün çıxarılıb.

Yəni 1582-ci ildə Papa XIII Qriqori yaz ekinoksunu yenidən 21 mart tarixinə sabitləmək məqsədilə oktyabr ayından 10 günü silib. Məhz oktyabr ayının seçilməsi isə təsadüfi deyildi – bu dəyişiklik heç bir xristian bayramının tarixini pozmamalı idi.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et