Sinesteziya — bir duyğu orqanının stimullaşdırılması nəticəsində digər, əlaqəsiz bir duyğunun da avtomatik yaranması ilə xarakterizə olunan nevroloji bir hadisədir.

Məsələn, bəzi insanlar hərf və rəqəmləri oxuyarkən onları müəyyən rənglərdə görürlər. Bu tip sinesteziya "qrafem-rəng sinesteziyası" adlanır və ən çox rast gəlinən növdür.
Sinesteziya bəzən narkotik maddələr, beyin zədəsi, sensor deprivasiya və ya hipnoz nəticəsində ortaya çıxa bilər. Amma ümumi əhalinin təxminən 2–4%-i bu vəziyyəti təbii olaraq yaşayır. Bu hal adətən ailələrdə irsi olur. Tədqiqatlar göstərir ki, bu fenomen beyində duyğu bölgələri arasında daha sıx əlaqələrin mövcudluğu ilə bağlıdır.
Maraqlıdır ki, sinesteziya rəssamlar, şairlər və yazıçılar arasında digər insanlara nisbətən 7 dəfə daha çox yayılıb. Alimlər, xüsusən də Vilayanur Ramaçandran və komandası, sinesteziyaya səbəb olan genlərin yaradıcı təfəkkürü dəstəkləyə biləcəyini düşünürlər, çünki bu genlər əlaqəsiz ideyalar arasında əlaqələr qurma qabiliyyətini artırır.
Bəzi sinesteziklər fövqəladə yaddaş və idrak bacarıqlarına sahib olurlar. Məsələn, britaniyalı yazar Daniel Tammet 10,000-ə qədər olan hər bir müsbət tam ədədin özünəməxsus rəngi, forması və toxuması olduğunu deyir və bu xüsusiyyətdən istifadə edərək pi sabitinin 22,514 rəqəmini yadda saxlaya bilib. Alimlər sinesteziyanın savantizm (autizm və digər ruhi pozuntularda müşahidə olunan üstün bacarıq) ilə əlaqəli ola biləcəyini irəli sürürlər.
Əlavə olaraq, sinesteziklər müəyyən hisslərdə daha yüksək həssaslıq göstərə bilirlər. Məsələn, rəqəm-rəng sinestezikləri çox yaxın rəng tonlarını ayırd etmədə daha bacarıqlıdırlar. "Güzgü-toxunma" sinestezikləri isə başqa birinə toxunulduğunu görəndə sanki özləri toxunulmuş kimi hiss edirlər.
Alimlər hesab edirlər ki, sinesteziya beyindəki multisensor emalın (çoxlu duyğuların eyni vaxtda işlənməsi) daha güclü formasını təmsil edə bilər və bu, insan zehni və yaradıcılığı ilə bağlı daha dərindən anlayış əldə etməyə kömək edə bilər.
Mənbə: Live Science
Tərcümə etdi: Arzu Qafarova
