24Media.az-ın budəfəki müsahibi psixoloq Aytən Ələkbərovadır. O, valideynlərin uşaqlarda olan inkişaf fərqlərini nəzərə almadıqlarını və bunun əsas səbəblərindən danışıb.
-Bəzən valideynlər niyə uşaqlarla yeniyetmələr arasındakı inkişaf fərqlərini nəzərə almırlar?
Təəssüf ki, bəzi valideynlər övladlarının yeniyetməlik dövrünü düzgün anlamaqda çətinlik çəkirlər. Sanki özləri heç vaxt bu mərhələdən keçməyiblər. Lakin unutmamaq lazımdır ki, bu vəziyyətin əsas səbəblərindən biri nəsillər arasındakı fərqlərdir. Bu günün yeniyetmələr informasiya bolluğu və texnologiyanın sürətli inkişafı fonunda formalaşır. Halbuki indiki valideynlərin yeniyetməlik dövründə informasiya mənbələri az, sosial təsirlər isə daha məhdud idi. Buna görə də bir çox valideynlər bugünkü yeniyetmələrin qarşılaşdıqları psixoloji, sosial və texnoloji təsirləri tam dərk edə bilmir və bu, onların uşaqları ilə düzgün ünsiyyət qurmasına mane olur. Anlayış və dəstək əvəzinə, bəzən sərt münasibət və qadağalar üstünlük təşkil edir. Lakin yeniyetməlik dövrü insan həyatının ən həssas və mürəkkəb mərhələlərindən biridir və bu dövrdə gənclərə empatiya, səbr və düzgün istiqamət verilməsi olduqca vacibdir.
Valideynlər övladlarını başa düşmək üçün zamanın dəyişdiyini və hər nəslin özünəməxsus çətinliklərlə üzləşdiyini qəbul etməli, onlarla açıq və anlayışlı ünsiyyət qurmağa çalışmalıdırlar. Bu həm ailə münasibətlərini möhkəmləndirər, həm də yeniyetmələrin sağlam və balanslı şəxsiyyət kimi formalaşmasına töhfə verər.
Çinarə Tarverdiyeva
