Bu gün:

Solaxay insanlar daha ağıllıdır?


Solaxay olmaq əksər hallarda maraqlı xüsusiyyət kimi qəbul edilir. Xüsusilə tanınan bəzi simaların solax olması, bu insanların fərqli düşünmə qabiliyyətinə sahib olduqları təsəvvürü yaradır. Bir çox insanlar solaxların daha ağıllı olub-olmadığını maraqla araşdırır. Alimlər bu suala cavab tapmağa çalışarkən gözlənilməz nəticələrlə qarşılaşıblar. Lakin məsələ göründüyü qədər sadə deyil.

Yer kürəsi əhalisinin cəmi 10 faizi solaxay olsa da, tarix boyu və müasir dövrdə bir sıra nüfuzlu şəxslərin solaxay olduğu məlumdur. Leonardo da Vinçi, Nikola Tesla, Pol Makkartni, Oprah Uinfri, Bill Geyts, Stiv Cobs və Barak Obama kimi məşhur şəxslərin ortaq xüsusiyyəti onların dominant əllərinin sol olmasıdır. Bu fakt solaxay insanların daha ağıllı olub-olmadığı sualını gündəmə gətirir.

Aparılan bir tədqiqatda məlum olub ki, xüsusilə çətin riyazi məsələlərin həllində sol əllə yazan şagirdlər sağ əlli həmyaşıdlarına nisbətən daha uğurlu nəticələr göstərirlər.

6–17 yaş arası 2.300 şagirdin iştirak etdiyi araşdırmada asan suallarda böyük fərq müşahidə edilməsə də, yüksək səviyyəli məsələlərdə solaxayların üstün performans nümayiş etdirdiyi bildirilib. Bunun səbəbi kimi isə bu insanlarda beynin iki yarımkürəsi arasında əlaqəni təmin edən "corpus callosum" adlı quruluşun daha iri olması göstərilir. Bu anatomik fərq məkan təsəvvürü kimi qabiliyyətləri inkişaf etdirərək riyaziyyat sahəsində üstünlük yarada bilər.

Bununla belə solaxaylıq həmişə təbii bir xüsusiyyət kimi meydana çıxmır.

Bəzən beynin sol yarımkürəsində doğuşdan əvvəl yaranan zədə nəticəsində sağ yarımkürə daha aktiv olur və nəticədə, fərd solaxay olur. Bu tip solaxlığa “patoloji solaxaylıq” deyilir. Bu, bəzən öyrənmə çətinlikləri kimi problemlərlə əlaqələndirilə bilir.

Yəni hər solaxay fərdin "daha ağıllı" olması fikri gerçəkliyi tam əks etdirmir. Bu xüsusiyyət bəzən yüksək intellektlə, bəzən isə öyrənmə pozuntuları ilə əlaqəli ola bilər. 

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et