Bu gün:

Cins şalvarları necə seçməliyik


Cins şalvarlar həm ikonik, həm də hər yerdə rast gəlinən geyimlərdən biridir. Zamanın dəblərini əks etdirən siluetlərlə dövrlərə damğa vuran bu geyim hər qarderobda yer alır. Amma cins şalvarlar eyni zamanda modanın ən çirkləndirici kateqoriyalarından biridir, dəblərin tez dəyişməsi səbəbilə bir çox cins şalvar dolablarımızda geyinilmədən qalır.

Məsələn, bu mövsüm. Ötən il Vogue skinny (dar) cinslərin geri döndüyünü bildirib, amma bu tendensiya cəmi bir il sonra qısaömürlü sayılıb. İndi isə yenidən dəbdədir, xüsusilə, Uels şahzadəsinin geyim seçimi ilə. Bununla yanaşı, beldən bağlanan, geniş, və "barrel-leg" modellər də populyardır. Bu qədər fərqli model arasında necə özümüz üçün ən uyğun cinsi tapa bilərik?

Şəxsi stilist Aleksandra Fullerton deyir ki, “barrel-leg” siluet demək olar ki, hər bədən forması ilə uyğundur. O, cins alarkən qərarın tələsik olmamalı olduğunu vurğulayır. Araşdırma etmək, hansı yuyulma rənglərini bəyəndiyinizi, hansı markalara üstünlük verdiyinizi müəyyənləşdirmək vacibdir. Sizin bədən quruluşunuza bənzəyən məşhurlardan ilham almaq da faydalı ola bilər. Fullerton deyir ki, real mağazada, yaxşı işıqlanan otaqda, dostla birlikdə 2-3 saat sərf edərək cins sınamaq ən doğru yoldur. Onun sözlərinə görə, istər ucuz, istər bahalı olsun cins şalvar uzunömürlü olmalıdır, tendensiyaya deyil, dayanıqlığa yatırım edilməlidir.

Çox dar və çox geniş modellərin tez dəbdən düşə bildiyini bildirən Fullerton, orta ölçülü, düz kəsimli və orta-hündür bel cinsləri klassik və uzunömürlü seçim kimi tövsiyə edir. O, həmçinin orta mavi rəngin hər zaman yaxşı seçim olduğunu vurğulayır.

1873-cü ildə Levi Strauss və Jacob Davis tərəfindən ABŞ-də yaradılan Levi's 501 modeli əvvəllər mədənçilər və fermerlər üçün sərt və dayanıqlı geyim olub. Amma 1950-ci illərdə Marlon Brando və James Dean kimi simaların bu şalvarları geyinməsi ilə gənclik üsyanının simvoluna çevrilib. 1991-ci ildə “Thelma & Louise” filmində Susan Sarandon və Geena Davis-in geyindiyi yüksək belli cinslər də ikonik görünüş kimi yadda qalıb.

Denim dizayneri və tarixçisi Mohsin Sajid qeyd edir ki, yapon “selvedge” denimlərinin və Levi’s-in “Red” kolleksiyasının təqdimatı ilə denim dünyası ciddi dəyişib. Cins artıq lüks moda markalarının kolleksiyalarında yer almağa başlayıb. Lakin cins şalvarların parlaq dövrləri artıq arxada qala bilər. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, bir cüt cinsin istehsalı üçün təxminən 1 kq pambıq, bu da 7,500–10,000 litr su tələb olunur. Moda sənayesi ümumi çirkab suların 20%-ni istehsal edir və denimlərin kimyəvi boyanması həm işçilər, həm də ətraf mühit üçün zərərlidir.

London Moda Kollecində Dayanıqlı Moda Mərkəzinin direktoru Professor Dilys Williams deyir ki, Levi's 501-in dözümlülüyünün səbəbi 100% pambıqdan hazırlanmasıdır. Onun fikrincə, sintetik elastiklik rahatlıq kimi təqdim olunsa da, bizi geyimlə “alışmağa” öyrəşdirmək daha doğru yoldur. Məsələn, o, velosiped sürərkən cinsləri yırtılır, lakin onları yenidən tikərək istifadə etməyə davam edir və bu cinslərin zamanla özünəməxsus naxışa sahib olduğunu qeyd edir.

Ən ekoloji seçimlərdən biri də “raw denim” , yəni, əvvəlcədən yuyulmayan və formalaşdırılmayan cinslərdir. Bu cinslər əvvəlcə sərt və tünd olur, amma zamanla yumşalaraq bədənə uyğunlaşır.

Son illərdə denim sənayesində daha davamlı seçimlər təqdim edən yeni markalar ortaya çıxıb. Məsələn, Los Anceles mərkəzli “Agolde” markası bitki əsaslı elastik liflər istifadə edərək daha az çirkləndirici məhsullar istehsal edir.

İsveçdə yerləşən “Nudie Jeans” markası orqanik pambıqdan istifadə edir və illik olaraq on minlərlə cins şalvarı təmir edir. 2024-cü ildə 68,342 cins təmir olunub.

Londonda yerləşən ELV Denim isə tullantı materiallardan cins şalvarlar hazırlayır. Şirkətin əsas məqsədi bədəni dəyişdikcə uyğunlaşan, hissə-hissə yenilənə bilən modellər hazırlamaqdır.


Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova


Paylaş
Şərh əlavə et