24media.az-ın budəfəki müsahibi İT üzrə mütəxəssis Fərid Əmirovdur. O, rəqəmsal təhlükəsizlik və internetdə məsuliyyətli davranış haqqında danışıb.
-İnternetdə şəxsi məlumatların qorunması üçün insanlar hansı əsas qaydalara əməl etməlidir və bu sahədə maariflənmə niyə vacibdir?
İlk növbədə insanlar güclü və unikal şifrələrdən istifadə etməlidirlər. Çoxları eyni şifrəni bir neçə platformada istifadə edirlər ki, bu da ciddi təhlükə yaradır. Şifrələrdə böyük və kiçik hərflər, rəqəmlər və simvolların kombinasiyasından istifadə olunmalıdır.
Eyni zamanda iki faktorlu autentifikasiya (2FA) mütləq aktivləşdirilməlidir. Bu, hesabların təhlükəsizliyini xeyli artırır. Tanımadığınız şəxslərdən gələn linklərə klik etməmək və əlavələri açmamaq da çox vacibdir. Sosial mediada ad günü, telefon nömrəsi və ünvan kimi şəxsi məlumatları paylaşmaqdan çəkinmək lazımdır, çünki bu məlumatlar fırıldaqçılar üçün çox faydalıdır. Həmçinin sistemlərin qorunması üçün antivirus proqramlarından istifadə edilməlidir.
Maarifləndirmə isə bu təhlükələrə qarşı ən güclü silahdır. Xüsusilə, gənclər internetin təhlükələrini çox vaxt dərk etmədən bundan istifadə edirlər. Məktəblərdə təşkil olunan seminarlar, sosial kampaniyalar və video dərslər onların şüur səviyyəsini artırır. İnformasiya təhlükəsizliyi artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməlidir.
- Kiberzorakılıq halları xüsusilə uşaqlar və yeniyetmələr arasında necə yayılır və bu problemi məktəb, valideyn və dövlət səviyyəsində necə həll etmək olar?
Kiberzorakılıq uşaqlar və yeniyetmələr arasında çox yayılmış problemdir. Sosial şəbəkələrdə təhqir, alçaltma, şayiələrin yayılması bu zorakılığın əsas formalarındandır. Həmçinin oyun platformalarında başqalarını ələ salmaq, şəxsi fotolarla hədələmək və ya qruplardan uzaqlaşdırmaq kimi hallarla da qarşılaşırıq.
Bu problemin həlli üçün məktəb, valideyn və dövlət birlikdə fəaliyyət göstərməlidir. Məktəb səviyyəsində müəllim və şagirdlərə kiberzorakılıqla bağlı təlimlər keçirilməli, bu mövzu dərsliklərə salınmalıdır. Məktəb psixoloqları bu halları erkən mərhələdə aşkarlamaq üçün fəal olmalıdırlar. Valideynlər isə övladlarının internetdən istifadəsinə diqqət göstərməli, onları izləmək əvəzinə açıq şəkildə söhbət etməlidirlər. Etimadlı münasibət uşağın yaşadığı problemi vaxtında paylaşmasına kömək edəcək. Dövlət səviyyəsində isə hüquqi mexanizmlər gücləndirilməli, zorakılıq edən şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir. “Təhlükəsiz internet” təşviq olunmalı və bu sahədə xəbərdarlıq edən milli platformalar, dəstək xətləri daim aktiv olmalıdır.
-Sosial şəbəkələrdə saxta profillər və fırıldaqçılıq hallarının artması fonunda gənclər özlərini bu təhlükələrdən qorumaq üçün nələrə diqqət etməlidirlər?
Sosial şəbəkələrdə təhlükəsizliyimizi təmin etmək üçün diqqətli davranmaq vacibdir. Gənclər tanımadıqları şəxslərlə ünsiyyətdə olarkən ehtiyatlı olmalı, onların kimliyinə əmin olmadan şəxsi məlumat paylaşmamalıdırlar.
Profil parametrlərini məxfi saxlamaq, kimlərin paylaşımları görəcəyinə nəzarət etmək vacibdir. Şəxsi fotoları və məkan məlumatlarını paylaşmazdan əvvəl düşünmək lazımdır. Bu məlumatlar fırıldaqçılar tərəfindən istifadə oluna bilər.
Saxta kampaniyalar və hədiyyə vədləri də böyük təhlükə daşıyır. “Qazanmaq üçün paylaş” və ya “bu linkə kliklə” kimi çağırışlar adətən fırıldaq məqsədi güdür. Gənclər bu cür tələlərə düşməməyə çalışmalıdır. Eyni zamanda istifadəçilər şübhəli profilləri dərhal sosial şəbəkənin “report” funksiyası ilə şikayət etməli və bu barədə başqalarını da xəbərdar etməlidirlər. Çünki bu həm özlərini, həm də digərlərini qorumaq baxımından vacibdir.
Gülçin Abdullayeva
