Bu gün:

ABŞ tənzimləyiciləri Tesla-nın robotaksi planlarını araşdırır


ABŞ federal təhlükəsizlik orqanları Tesla-nın yaxın vaxtda istifadəyə verməyi planlaşdırdığı robotaksi xidməti ilə bağlı araşdırma başladıb. 

TechCrunch-un xəbərinə görə, Milli Avtomobil Yolları Təhlükəsizliyi Administrasiyasının (NHTSA) Qüsurların Araşdırılması İdarəsi, Tesla-nın “Full Self-Driving (Supervised)”, yəni FSD proqram təminatının aşağı görünmə şəraitində necə işlədiyini araşdırmaq məqsədilə şirkətə ətraflı suallar siyahısı göndərib.

Araşdırmanın əsas məqsədi Tesla-nın avtonom idarəetmə texnologiyalarını və bu texnologiyaların ictimai yollarda necə qiymətləndirildiyini öyrənməkdir. Məlumatda qeyd olunur ki, məktub bazar ertəsi günü dərc olunub və ilk dəfə Reuters tərəfindən işıqlandırılıb.

Tesla, Texas ştatının Austin şəhərində ödənişli robotaksi xidmətini bu ilin iyun ayında istifadəyə verməyi planlaşdırır. Xidmətin şirkətin öz nəqliyyat vasitələri ilə həyata keçiriləcəyi gözlənilir. Lakin Tesla-nın 23 aprel tarixində sosial platforma X üzərindən paylaşdığı məlumat federal tənzimləyici qurumların diqqətini çəkib.

Həmin paylaşımda qeyd olunub ki, “FSD Supervised ride-hailing” xidməti artıq Austin və San-Fransisko Körfəz bölgəsində bəzi işçilər üçün aktivdir. İndiyədək 1500-dən çox səfər və 15 min mil məsafə qət olunub. Tesla bildirir ki, bu xidmət FSD şəbəkələrinin, mobil tətbiqin, nəqliyyat vasitələrinin bölgüsünün, missiya idarəetməsinin və uzaqdan yardım əməliyyatlarının inkişafı, eyni zamanda sınaqdan keçirilməsi üçün əhəmiyyətlidir.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et