Bu gün:

"Yaralı Mələk" - Hugo Simberg


"İncəsənətin inciləri" rubrikası "Yaralı Mələk" əsərini təqdim edir.


Bu unudulmaz rəsm 1903-cü ildə finlandiyalı simvolist rəssam Hugo Simberg tərəfindən çəkilib. Əsər Finlandiya sənətində ən tanınmış və sevilən rəsmlərdən biri sayılır. Rəssam özü bu rəsmə heç bir izah verməyib. 

İki gənc oğlan ortalarında qanadları sarılmış, gözü bağlı bir mələyi daşıyır. Mələyin əllərindəki ağ çiçəklər bir növ zərifliyi və həyatın incəliyini simvolizə edir. Mələk sakitdir, amma kədəri içində qışqırır.

Ətrafda isə sükut hökm sürür. Fonda Helsinki şəhərinin Töölö bölgəsi görünür. Bahar havası hiss olunur, amma bu mənzərədə heç nə sevinc və ya ümid vəd etmir. Gənc oğlanların üzləri ifadəsizdir. Onlar bu missiyanı anlayır, amma qəbul etmirlər, çünki heç kim mələklərin də yaralana biləcəyini düşünmür. Əsərdə ən sarsıdıcı hiss mələyin gözü bağlı olmasıdır. Sanki o, sadəcə görmək istəmir. Və ya görsə belə, baxdığı şey artıq dözülməzdir.

Nə baş verib? Simberg bu suala cavab vermir. Çünki cavab hər kəsin içindədir. Bəziləri üçün bu, itirilmiş bir uşaq inancı, bəziləri üçün isə həyatın içində solmuş bir ümiddir. Bəlkə də mələk içimizdəki məsumluğun, güvənin və sakitliyin simvoludur, yaralanıb, amma tam tərk edilməmiş.

“Yaralı Mələk” susur. Amma bu sükut insanın içini titrədən bir qışqırıq qədər güclüdür. Bu rəsm bizə xatırladır ki, bəzən ən müqəddəs olan belə yaralana bilər. Və bəzən onu sağaltmaq üçün sadəcə sakitcə daşımaq kifayət edir.


Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et