Son zamanlar sosial mediada və sağlam həyat tərzi səhifələrində geniş yayılmış “su dietası” cəmiyyət arasında maraq doğurmaqdadır. Bu pəhriz üsulu bəziləri üçün arıqlamaq və bədəni təmizləmək vasitəsi kimi təqdim olunsa da, mütəxəssislər ciddi yanaşma və tibbi nəzarət olmadan bu dietanın təhlükəli nəticələrə səbəb ola biləcəyini bildirirlər.
Məsələ ilə bağlı nutrisoloq Lalə Rəsulzadə fikirlərini 24Media.az-a bölüşüb.

Su dietası nədir? Bu pəhriz necə aparılır?
Bu pəhrizdə ya yalnız su içilir, ya da qidalanma azaldılaraq su ilə dəstəklənir. Məqsəd bədəni yüngülləşdirmək və toksinlərdən təmizləməkdir.
Su orucunun növləri varmı?
Bəli, bu dietanın müxtəlif formaları mövcuddur. Tam su orucu (heç bir qida qəbul olunmur), az miqdarda kalorili, məsələn, bulyon əlavə olunan və ya su əsaslı detoks növləri. Fərq ondadır ki, bəzi versiyalarda yemək qəti qadağandır, digərlərində isə minimal miqdarda qəbul icazəlidir.
Gün ərzində nə qədər su içmək lazımdır?
Orta hesabla 2,5–3 litr su içilməsi tövsiyə olunur. Lakin bu rəqəm fərdin bədən çəkisinə görə dəyişir, hər kiloqram üçün təxminən 30–40 ml su hesablanmalıdır.
Su dietası pəhrizinin faydaları nədir?
Bədən yüngülləşir, şişkinlik və ödəm azalır, dəri daha parlaq görünür. Eyni zamanda, orqanizm detoks olunur və ümumi rahatlıq hissi yaranır.
Bu pəhriz təhlükəsizdirmi?
Hər kəs üçün deyil. Qan təzyiqinin aşağı düşməsi, başgicəllənmə və halsızlıq baş verə bilər. Diabet, ürək və böyrək problemi olan şəxslərə bu dietanı tətbiq etmək qəti şəkildə tövsiyə edilmir.
İlk günlərdə nə kimi əlamətlər ortaya çıxır?
Baş ağrısı, əsəbilik və yorğunluq normal hal sayılır. Bədən yeni sistemə uyğunlaşmağa çalışır. Ancaq bu əlamətlər uzunmüddətli və kəskin olarsa, dietanı dərhal dayandırmaq vacibdir.
Su dietası nə qədər müddət tətbiq oluna bilər?
Əgər bu proses həkim nəzarətində aparılırsa, 1–3 günlük su orucu kifayət edir. Daha uzunmüddətli tətbiq sağlamlıq üçün risk daşıyır.
Həkim nəzarəti niyə vacib sayılır?
Mütləqdir. Özbaşına bu cür pəhrizə başlamaq bədənə zərər verə bilər. Faydadan çox problem yarana bilər. Mütləq şəkildə hazırlıqlı olmaq və bu prosesi tək yox, peşəkar dəstəklə aparmaq vacibdir.
Su dietası zamanı fiziki aktivlik necə tənzimlənməlidir?
Yüngül fiziki fəaliyyət olar. Amma bədən zəif olduğu üçün ağır idman növləri məsləhət görülmür.
Psixoloji çətinliklər də müşahidə olunurmu?
Bəli, yeyə bilməmək insanı əsəbi, qıcıqlı və hətta depressiv edə bilər. Bu vəziyyət psixikanı sıxır və sosial həyatda da çətinliklər yaradır.
Sosial həyatda nə kimi təsirləri var?
Dostlarla yemək məclislərinə getmək, ailə süfrəsində iştirak etmək çətinləşir. İnsan özünü təcrid olunmuş və tənha hiss edə bilər.
“Təkcə su içməklə arıqlamaq olar” fikri doğrudurmu?
Bu, yanlış və təhlükəli yanaşmadır. Su bədəni dəstəkləyən vasitədir, amma balanssız və qeyri-sağlam yanaşma nəticədə bumeranq kimi geri qayıdır və sağlamlıq problemlərinə səbəb olur.
Bəs nə edilməlidir?
Əgər biri bu dietanı sınamaq istəyirsə, ilk addım olaraq həkimlə məsləhətləşməlidir. Tədricən başlamaq, bədənin reaksiyasını izləmək və özünü dinləmək vacibdir.
Su dietası bədəni təmizləmək və yüngülləşdirmək məqsədilə tətbiq olunan pəhriz növü olsa da, bu üsul hər kəs üçün uyğun deyil və düzgün aparılmadıqda sağlamlığa zərər verə bilər. Ona görə də yalnız həkim nəzarəti ilə və qısa müddət ərzində tətbiq olunması tövsiyə olunur.
