Dövr dəyişir, texnologiyanın gücü getdikcə artmağa başlayır. Bu da daha çox insanların sosial şəbəkələrdən asılılığında, real dünyadan uzaqlaşıb virtual dünyaya yönəlmələrində özünü göstərir. Sosial şəbəkə platformalarının insan psixologiyasına təsiri hər keçən gün biraz da artır. Bunu mütəxəssislər təsdiqləyirlər. Mövzu ilə bağlı 24media.az-a açıqlama verən ailə və uşaq psixoloqu Aynur İsmayılova deyir ki, hər kəs sosial mediadan, demək olar ki, mütəmadi aktiv istifadə edir. Yəni aktiv sosial media istifadəçilərinin sayı az deyil.

"Bu həm regionlara, həm də şəhərlərə aiddir. Çünki insanlar kollektiv şüuraltı təsir altında mediadakı xəbərləri izləməyə meyillidirlər. Bu xəbərlər insanları məşğul edir və maraqlandırır. Eyni zamanda, insanlar öz maraqlarından savayı qeyri maraqlara da fokuslanırlar və nəticədə bəzi hallarda öz işləri yarımçıq qalır", – deyə psixoloq qeyd edib.
Aynur İsmayılovanın sözlərinə görə, insanlar sosial mediayaya daha çox fokuslandıqlarından bütün işlərində ertələmə prosesinə üstünlük verirlər, gecikməni belə ertələyirlər.
"Burada "time management" çox vacib nüansdır. O zaman insan tiktok, instaqram və ya başqa sosial şəbəkə platformalarından istifadə edərkən vaxtın necə keçdiyini bilmir. İndi texnologiyanın inkişafında sensor daha sürətli hal aldığı üçün insan həyatında sürətli gedən proseslər azdır. Misal üçün, tanışlıq prosesi, təhsil prosesi, insan bədənindəki hər hansı bir xəstəlik və yaxud sağlamlıq prosesi müəyyən vaxt tələb edir. Amma sensor olaraq sosial mediada hər bir şey sürətli olduğuna görə bəzən insan beyni, düşüncəsi bunu çatdıra bilmir və bir tərəfdən aqressiya yaradır, ümidsiz insanlar formalaşdırır", – psixoloq vurğulayıb.
Onun fikrincə, eyni zamanda sosial media aludəçiləri başqa insanların uğurunu görüb depressiyaya düşürlər.
"İnsanların xarakterindən asılı olaraq sosial media onlara müxtəlif cür təsir etməyə başlayır. Fokuslanmanın zamanla itməsinə səbəb olur. Nəticədə, insanlar özlərindən çox ətrafa, sosial mediaya, müxtəlif xəbərlərə köklənirlər. Bəzi hallarda bir çox həyati proseslərdən geri qalmağa başlayırlar", – deyə psixoloq Aynur İsmayılova fikrini yekunlaşdırıb.
Məryəm Cəfərli
