24media.az “Yoqa səyahəti” rubrikasında mütəmadi olaraq yoqa ilə məşğul olmağın faydaları barədə materiallar təqdim edir. Budəfəki qonaqlarımız yoqa mütəxəssisi Firuzə Məmmədovanın tələbələri Rəşad Qaraşov və Xədicə Zadədir. Onlar qısa müddətdə yoqanın həyatlarına olan müsbət təsirlərdən bəhs ediblər.
Artıq beş aydır ki, davamlı olaraq yoqa ilə məşğul olan Rəşad Qaraşov bu qərarı həyatında atdığı ən yaxşı addımlardan biri hesab edir:

“Əvvəllər yoqa barədə heç bir anlayışım yox idi. Sadəcə filmlərdən və seriallardan gördüklərim qədər məlumatım var idi. Amma hər zaman içimdə bir hiss var idi ki, mən başlamalıyam və bu, həyatımın bir hissəsinə çevrilməlidir. Nə qədər çox çalışsam, inam, əzm və çalışqanlığımı göstərsəm, bunun nəticəsini həyatımda da görürəm. Bu səbəbdən yoqa dərslərində maksimum çalışıram ki, qazandığım balans və düşüncə həyatıma da proyeksiya olunsun".
Müsahibimiz bir müddət fitness və üzgüçülüklə məşğul olsa da, yoqanın təsirini daha dərin və qalıcı hesab edir:
“Yoqa fəlsəfəsində məqsəd konkret nəticəyə çatmaq, nə əzələ kütləsi artırmaq, nə də kimdənsə öndə olmaqdır. Burada insanın öz bədəni və daxili aləmi ilə işləməsi əsasdır. Məni cəlb edən də bu oldu. Fitness və üzgüçülük zamanı özümü daim başqaları ilə müqayisə edirdim. Amma yoqada yalnız mən və matım var, müqayisə etdiyim yeganə insan isə özümün əvvəlki versiyasıdır”.
O əlavə edir: “Zaman keçdikcə başa düşdüm ki, özümü günahlandırmağa ehtiyac yoxdur. Sadəcə davamlılıq və həvəs vacibdir. Bəzən əvvəl yaxşı bacardığım hərəkəti sonradan zəif icra edə bilərəm. Amma əsas məsələ nəticə deyil, yolun özüdür”.
Xədicə Zadə isə yoqaya yeni başlasa da, artıq onun həyatında böyük dəyişikliklərə səbəb olduğunu deyir. O, Firuzə Məmmədova ilə keçilən dərslərdə yaranan pozitiv atmosferi və qarşılıqlı enerjini xüsusi vurğulayır:

“Çox gözəl enerji var aramızda, artıq bir bağ yaranıb. Mənim üçün yoqanın əsas açarı onun fəlsəfəsidir. Mat üzərində etdiyimiz hərəkətləri – yıxılmaq, qalxmaq, ağrı hiss etmək, istirahət, yoxlamaq, cəsarət və qorxunu həyatın kiçik modeli kimi görürəm. Bu xüsusiyyətləri yalnız mat üzərində deyil, gündəlik həyatımda da tətbiq edirəm”.
O qeyd edir ki, yoqa ona daha anlayışlı və şəfqətli olmağı öyrədib:
“Yoqaya gəldikcə başa düşdüm ki, insanları yarğılamaq mənasız bir hissdir. Çünki hər kəsin inkişafı üçün zaman və davamlılıq lazımdır. Səhvlərlə öyrənmək və inadla davam etmək uğura aparan yoldur. Kiminsə bacarmadığı bir şeyi görəndə qınamaqdansa, onun sadəcə zamana ehtiyacı olduğunu düşünmək lazımdır”.
Gülsər Qədirli
