24media.az-ın növbəti müsahibi Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Salyan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Leyla Nəsirovadır. O, həssas tibbi vəziyyətlərdə media sorğularının cavablandırılmasından danışıb.

Leyla Nəsirova deyir ki, adətən bütün mətbuat katibləri və ictimaiyyətlə əlaqədə olan mütəxəssislər eyni funksiyanı daşıyırlar, lakin tibb sahəsində iş bir az fərqlidir.
“Fərqlilik ondan ibarətdir ki, tibbdə həssas əhali qrupuna xidmət və səhiyyənin təşkili çox öndədir, ona görə ki, burada şəhid ailələri, qazilər, yaşlı əhali, uşaqlar var və aqressiv-impulsiv insanlar müraciət eləyə bilərlər. Bu zaman ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis də işini xarakterə uyğun olaraq nizamlamış olur:
Məsələn, təcili tibbi yardım şöbəsinə avtoqəza ilə bağlı müraciət gəlir: bir neçə yaralı, yaxud ölü var. Bu zaman bölgədə olan informasiya agentliklərinin nümayəndələri informasiya almaq üçün müraciət edirlər”.
Leyla Nəsirova həmin informasiyanın ötürülməsində diqqət yetirilən bir neçə məqamı diqqətimizə çatdırır:
“İlk şərt zərərçəkənlərin məxfiliyinin qorunmasıdır. Digər tərəfdən, faktın düzgün çatdırılması əhəmiyyət kəsb edir. Bu zaman xəsarət alanların hansı diaqnozla xəstəxanaya daxil olduğu, onlara hansı yardımın göstərildiyi və səhhətlərinin hansı səviyyədə olduğu açıqlanır”.
İctimaiyyətlə əlaqələr mütəxəssisi deyir ki, bütün bunlar xəstəxananın tabe olduğu qurumla məlumat mübadiləsindən sonra baş verir:
“Təbii ki, ictimaiyyətə çatdırılması doğru olmayan məqamlar da olur. Onları da heç bir tərəf zərər görməsin deyə informasiya süzgəcindən keçirərək paylaşırıq. Nəticədə, sosial şəbəkədən bizi izləyən, kütləvi informasiya vasitələrindən bu xəbəri alan hər kəs qısa, lakonik və düzgün məlumatla əhatə olunmuş materialı qəbul edir və bununla da kifayətlənir, əlavə sorğu-suala ehtiyac qalmır”.
Müsahibimiz sonda qeyd edir ki, beləliklə, sorğunu alan və onu cavablandıran tərəf informasiya almaq, informasiya ötürmək və informasiyanı yaymaq kimi funksiyaların öhdəsindən bacarıqla gəlirlər.
Günel Məmmədova
