Bu gün:

"Yaşıl nəqliyyata keçid Azərbaycan üçün əsas strateji hədəfdir"


24media.az-ın budəfəki müsahibi nəqliyyat eksperti Eldəniz Cəfərovdur. O, Azərbaycanda yaşıl nəqliyyata keçid dövründən danışıb.

- Azərbaycanda yaşıl nəqliyyata keçid hansı mərhələdədir və bu proses hansı çətinliklərlə üzləşir?

Yaşıl iqtisadiyyata keçid olduqca geniş miqyaslı sosial-iqtisadi proqramdır və bu proqramın həyata keçirilməsi hər bir ölkə üçün asan məsələ deyil. İnkişafda olan bir ölkə olaraq, Azərbaycan yaşıl nəqliyyata keçidi özünün əsas strateji hədəflərindən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə artıq bir sıra qanunvericilik aktları və qərarlar qəbul olunub. Faktiki olaraq, bu qərarlar çərçivəsində bir sıra mühüm tədbirlər həyata keçirilib. Məsələn, ölkəyə idxal olunan ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə və onların ehtiyat hissələrinə tətbiq olunan rüsumlar azaldılıb və ya tamamilə ləğv edilib. Eyni zamanda, enerji doldurma məntəqələrinin qurulması üçün tələb olunan texnoloji avadanlıqlar da gömrük rüsumlarından azad edilib.

Bundan əlavə, ölkə daxilində vətəndaşların ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə marağını artırmaq və istifadəsini stimullaşdırmaq məqsədilə bir sıra təşviqedici tədbirlər həyata keçirilir.

- Elektrikli avtobuslar, velosiped yolları və alternativ enerji ilə işləyən nəqliyyat vasitələri üçün infrastruktur yetərlidirmi?

Düzdür, bu gün ictimai nəqliyyatda tam olaraq 100% ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri istismarda olmasa da, Bakı şəhərində bu rəqəm getdikcə artır. Dövlətlə yanaşı, özəl şirkətlər də artıq avtobus seqmentində marşrutlara əsasən ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri buraxırlar.

Əlavə olaraq, bu ildən etibarən ölkəmizdə elektrobusların istehsalına da başlanılıb. Zavodun tikintisi davam edir və ilin sonunadək 200 belə avtobusun istehsalı gözlənilir. Təkcə Bakıda deyil, digər şəhərlərdə də mikromobillik vasitələrinin – xüsusilə velosipedlərin – istifadəsini stimullaşdıran addımlar atılır. Bakıda artıq velosiped zolaqları çəkilib, lakin bu, hələ kifayət deyil. Düşünürəm ki, belə zolaqlar yaşayış məntəqələrində də salınmalıdır. Şəhərdə hərəkət hər kəs üçün sərbəst və təhlükəsiz olmalıdır. Bütün bu addımlar yaşıl nəqliyyata keçidi sürətləndirən əsas amillərdəndir.


Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et