Bu gün:

Eurovision satirası 2025


Estoniyalı reper və müğənni Tommy Cash tərəfindən ifa olunan “Espresso Macchiato” builki Eurovision Mahnı Müsabiqəsində ən çox müzakirə olunan mahnılardan biridir. Mahnı italyan stereotiplərini ələ salır və bu, İtaliyada narazılıqlara, hətta mahnının müsabiqədən çıxarılması çağırışlarına səbəb olub.


Tommy Cash-in bu mahnısı gələn həftə baş tutacaq 2025 Eurovision Mahnı Müsabiqəsində Estoniyanı təmsil edəcək. Mahnı təqdim olunanda bəziləri bunu başa düşməkdə çətinlik çəkib, bəziləri isə xüsusilə İtaliyada qəzəblənib, səbəb isə Cash-in saxta operavari üslubda, qırıq italyanca danışaraq və stereotiplərlə dolu ifası idi. “Mən zövqlü olan hər şeyi sevirəm”,- deyə Cash bildirib və qeyd edib ki, mahnının ideyası sadəcə əyləncə məqsədi daşıyır. Bununla belə, bəzi italyanlar mahnının müsabiqədən kənarlaşdırılmasını tələb edirlər.

“Espresso Macchiato” italyan stereotiplərini ələ salan ilk mahnı deyil. Müharibə və sonrakı dövrlərdə “Mambo Italiano” kimi italyan-amerikalı zarafat mahnıları bu ənənənin bir hissəsidir. Eurovision-da isə özünütənqid və ironiya tez-tez rast gəlinir, məsələn, Polşanın 2014-cü ildəki “My Słowianie” mahnısı və ya Yunanıstanın 2013-cü ildəki “Alcohol is Free” mahnısı kimi. Lakin Tommy Cash-in mahnısı fərqlənir, çünki o, digər bir iştirakçı ölkəni birbaşa satira obyektinə çevirir. Eurovision sadəcə musiqi yarışması deyil. Bu yarışma Avropanın mədəni inteqrasiyası üçün bir vasitə kimi yaradılıb. 1956-cı ildən bəri davam edən bu ənənə milyonlarla tamaşaçı cəlb edir və Avropa ölkələri arasında mədəni mübadilə və milli təqdimat vasitəsinə çevrilib. Qaydalarda “siyasi və bənzər məzmunlu çıxışlar” qadağan olunsa da, yarışma bəzən siyasətlə iç-içə olur. Mədəniyyətşünas Anna G Piotrowska deyir ki, Eurovision tamaşaçılara ölkələrin mədəniyyətini öyrətmək üçün bir vasitədir. Estoniya üçün isə bu yarışmanın önəmi daha da böyükdür. Ölkə 2001-ci ildə “Everybody” adlı mahnı ilə qalib gəlib və bu qələbə ölkənin Sovet İttifaqından ayrıldıqdan sonrakı ən vacib hadisələrdən biri hesab olunur. İndi isə Estoniya rus dilində təhsili mərhələli şəkildə ləğv etməyə çalışarkən, öz mədəni müstəqilliyini yenidən qurmaq niyyətindədir. Lakin bu kontekstdə “Espresso Macchiato” kimi başqa bir ölkəni satirik şəkildə təqdim edən mahnı seçməsi təəccüblü görünür.

Tommy Cash (əsl adı Tommy Tammemets), 1991-ci ildə, SSRİ-nin dağılma dövründə Tallində anadan olub. Məktəbdən qovulan Cash öz təcrübələrini repə çevirərək karyerasına başlayıb. O, özünü “Kanye East” adlandırır və Andy Warhol, Scooter, Basshunter kimi sənətkarlardan ilham alır. Onun ifaları absurd və təxribatçıdır. Məşhur ifaçılarla əməkdaşlıq edib, o cümlədən Charli XCX və MC Bin Laden ilə. Cash-in “Espresso Macchiato” mahnısı İtaliyada qarışıq reaksiya alıb. İtalyan senatoru Marco Centinaio bu mahnının əsas tənqidçilərindən biridir. Digər tərəfdən, bir çox italiyalı xüsusilə sosial şəbəkələrdə, Cash-in mahnısını bəyənir. İtalyan stereotipləri uzun tarixi olan bir fenomendir. Xüsusən, 1880–1915-ci illərdə milyonlarla italyan ABŞ və digər ölkələrə köçdükdən sonra, həm pozitiv, həm də neqativ stereotiplər formalaşdırıb. Əvvəlcə, yoxsulluq və geriliklə əlaqələndirilən italyanlar sonradan pizza, pasta, qəhvə kimi mədəniyyət simvolları ilə müsbət imic qazanıblar. Bu, Dean Martin və Louis Prima kimi sənətkarların musiqilərinə də təsir edib.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et