Bu gün:

"Kasıb balıqçı" - Pierre Puvis de Chavannes


"İncəsənətin inciləri" rubrikası "Kasıb balıqçı" əsərini təqdim edir.

Fransız simvolist rəssam Pierre Puvis de Chavannes bu əsəri 1881-ci ildə çəkib. Onun sənətə yanaşması sadə görünən, lakin dərin mənalarla dolu səhnələri ilə tanınır. “Kasıb balıqçı” da məhz səssiz bir hekayənin rənglərlə danışıldığı bir şah əsərdir.

İlk baxışda rəsmdə sakit bir dəniz sahili, az qala rəngsiz, solğun tonlarda bir kompozisiya görünür. Əsas fiqur sadə geyimli, arıq, yorğun və balıq tutmağa çalışan bir kişidir. Kişinin üzündə qəribə bir boşluq var, nə ümidsizlik, nə də ümid. Sadəcə bir qəbul. O, balıq tutmur, həyatın özü üçün çarpışır. Qadının duruşunda isə bir dua var, bir gözlənti. Uşaq isə hələ dünyanın ağırlığını hiss etməyən, amma bu səssiz dramatikliyə möhtac bir varlıq kimi görünür.

Bu balıqçı təkcə yoxsul deyil, o həm də tənhadır. Təbiət belə ona qarşıdır. Dəniz rəngsiz, göy üzü ağappaq və ruhsuzdur. Sanki kainat bu adamı unudub. Lakin o hələ də oradadır və həyatına tutunur. Çünki başqa yolu yoxdur. Bəzən ən böyük fəryad sükutda gizlənir.

Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et