Microsoft, "Google"un süni intellekt agentlərinin bir-biri ilə əlaqə qurmasına imkan verən yeni Agent2Agent (A2A) protokolunu dəstəklədiyini açıqlayıb.
Rəsmi açıqlamaya görə, Microsoft bu protokolu Azure AI Foundry və Copilot Studio adlı iki süni intellekt inkişaf platformasında tətbiq edəcək. Şirkət eyni zamanda GitHub platformasında fəaliyyət göstərən A2A işçi qrupuna qoşularaq, protokolun inkişafı və texniki alətlərin hazırlanmasında iştirak edəcək.
"Microsoft"un yaydığı bloq yazısında bildirilir ki, A2A protokolunun dəstəklənməsi ilə yeni nəsil proqram təminatının əsasları qoyulur.
“Ən yaxşı süni intellekt agentləri yalnız bir tətbiq və ya buludda məhdudlaşmayacaq, əksinə iş axınında fəaliyyət göstərərək fərqli modellər, sahələr və ekosistemlər arasında işləyəcək”,– deyə qeyd olunub.
Xatırladaq ki, A2A protokolu Google tərəfindən 2025-ci ilin aprel ayında təqdim edilib. Bu sistem, süni intellektlə işləyən yarı-avtonom proqramların müxtəlif bulud mühitləri, tətbiqlər və xidmətlər arasında birgə işləməsinə imkan yaradır.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
