Bu gün:

Papa XIV Leonun andiçmə mərasiminin tarixi açıqlanıb


Dünən (8 may 2025-ci il) Vatikanda keçirilən səsvermə nəticəsində yeni Roma Papası seçilən və XIV Leo adını alan amerikalı kardinal Robert Frensis Prevostun rəsmi andiçmə mərasimi mayın 18-i bazar günü keçiriləcək.

Papa Fransiskin aprelin 21-də vəfatından sonra Vatikanın Mətbuat İdarəsi dünən Vatikanda keçirilən papalıq seçkilərində (Konklav) seçilən Papa XIV Leonun qarşıdakı günlər üçün proqramını paylaşıb.

Müvafiq olaraq, yeni Papa mayın 10-da kardinallarla, mayın 12-də seçildiyi Konklavı izləyən jurnalistlərlə görüşəcək, mayın 16-da isə Vatikanda akkreditə olunmuş xarici səfirləri və missiya rəhbərlərini qəbul edəcək. Bazar günü, mayın 18-də Vatikanın Müqəddəs Pyotr meydanında Papa XIV Leo üçün rəsmi andiçmə mərasimi keçiriləcək.

Digər tərəfdən, Vatikan Mətbuat Ofisi bildirib ki, Papa XIV Leo Vatikanda Papalıq Kabineti olaraq tanınan "Kuriya"nın bütün prezidentləri və üzvlərini müvəqqəti olaraq təsdiqləyib və başqa qərar verənə qədər vəzifələrinə davam etmələrini xahiş edib.

Mayın 7-də başlayan Vatikan Konklavının 4-cü iclasında 69 yaşlı amerikalı kardinal Robert Frensis Prevost 133 seçki kardinalından ən az 89-nun səsini toplayaraq Katolik Kilsəsinin 267-ci papası seçilib. Prevost özü üçün "Papa Leo XIV" adını seçib.

Mənbə: A haber

Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et