Bu gün:

Səbirsizliyin səbəbləri və həll yolları-Psixoloqla müsahibə


24Media.az-ın növbəti müsahibi psixoloq Nabat Mirzəyevadır. O, son dövrlərdə səbirsizliyin artmasının səbəblərindən və bunun həll yollarından danışıb.



Müsahibimiz deyir ki, səbirsizliyin artması müasir dövrün qlobal problemlərindən biridir. 


“Bunun başlıca səbəblərindən biri sosial mediadır. Çünki sosial mediada yayımlanan 1 dəqiqəlik reelslər həyatımızı sürətli axına salır. Baxdığımız qısa məlumatlar bizdə dopaminin sürətli ifrazına səbəb olur. Nəticədə, hər şeyi tez əldə etmək istəyirik. Telefonda, yaxud marketlərdə çoxlu çeşidlər görürük, istədiyimiz hər şeyi tez əldə edə bilirik. Bu da sözsüz ki, səbirsizliyin yaranmasına səbəb olur”.


Nabat xanım əlavə olaraq, vurğulayır ki, yaşadığımız mühit, həyat şəraiti də bu prosesə təsir edir.


“Yaşadığımız mühit, həyat şəraiti insanlarla ünsiyyətə, ətrafla əlaqəyə, seçim ünsiyyətinə və.s təsir edir. Sosial media hər şeyi asanlaşdırsa da, neqativ təsirləri də var. Bunlardan biri də tez əldə etməkdir. Yəni biz istədiyimiz hər şeyi o qədər tez əldə edirik ki, o bizə gəlib çatana qədər hövsələsizlik yaranır. İnsanın baxış bucağı dəyişmədiyi halda diqqət dağınıqlığı, səbirsizlik, psixoloji gərginlik, hövsələsizlik hətta depressiya da yarana bilər”.


Son olaraq, psixoloq səbirsizliyin həll yollarından, tövsiyələrindən danışıb.


“Səbirsizliyin həll yolları mövcuddur. İlk növbədə, sosial şəbəkələr bizim həyat tərzimiz deyil, onlar olmadığı müddətdə də insan varlığı var idi. Buna görə də inkişafımıza yönəlməliyik, özümüzə, sevdiklərimizə zaman ayırmalıyıq. Gün ərzində ən azından 1 saat sosial şəbəkədən uzaq olmalıyıq. Kitablar, pdflər oxumaq, idmana yönəlmək, yürüşə çıxmaq və.s fəaliyyətlər bu prsosdə faydalı ola bilər. Bizə nə xoş gəlirsə, ən azından zamanın 1 saatını ona ayırmaq lazımdır. Reelslərə çox zaman ayırmamalıyıq.  Çünki reels bizə qısa məlumatlar ötürərək diqqət dağınıqlığı və istər-istəməz az zamanlı xoşbəxtlik hormonu nəsib edir. O da qısa zamandır, ondan ayrıldıqdan sonra biz yenə özümüzə dönürük”.


Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et