Pişiklərin bəzən sahiblərinə qarşı laqeyd davrandığı düşünülür. Lakin Sussex Universitetinin alimləri göstəriblər ki, bu məsafəli münasibəti dəyişmək mümkündür – özü də çox sadə bir üsulla. Yeni araşdırmalar sübut edir ki, pişiklərlə effektiv ünsiyyətin açarı göz təması və "yavaş göz qırpma" jestində gizlidir.

2020-ci ildə aparılan tədqiqatda elm adamları insanların gözlərini yavaşca qısıb sakit şəkildə qırpmasının pişiklərdə rahatlıq yaratdığını və onları daha yaxın davranmağa təşviq etdiyini aşkar ediblər. Bu jest pişiklərin öz aralarında istifadə etdiyi bir növ sakitlik və etibar siqnalıdır.
Araşdırma iki mərhələdə aparılıb. İlk mərhələdə 21 ev pişiyi müşahidə olunub. Sahibləri pişiklərə bir metr məsafədən baxaraq gözlərini yavaşca qırpıblar. Nəticədə, pişiklər eyni jestlə cavab veriblər. İkinci mərhələdə isə pişiklər tanımadıqları insanlara qarşı əvvəlcə maraqsız olsalar da, eyni "yavaş göz qırpma" texnikası tətbiq edildikdə onlara qarşı daha isti münasibət göstəriblər.
Alimlərin fikrincə, bu üsul yalnız ev heyvanları ilə deyil, küçədə rast gəlinən pişiklərlə də keçərlidir. Hətta baytarlıq klinikaları və sığınacaqlar kimi stresli mühitlərdə belə bu texnika pişiklərin rahatlamasına kömək edə bilər.
Tədqiqatın rəhbəri Dr. MakKomb tövsiyə edir ki, pişiyinizlə göz kontaktı qurduğunuz zaman gözlərinizi yavaşca qısın və bir neçə saniyəlik yumun. Bu sadə jest pişiyin sizə güvənməsini və ünsiyyətə açıq olmasını təmin edə bilər.
Nəticə olaraq, pişiklər zənn edildiyindən daha sosial canlılardır və onlarla düzgün bədən dili qurmaqla daha səmimi və güvənli münasibət yaratmaq mümkündür.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
