24Media.az-ın budəfəki müsahibi psixoloq Vüsalə Əmiraslanovadır. O, sosial şəbəkələrdə "ideal həyat" görüntülərinin insanlarda yaratdığı psixoloji vəziyyətlərdən danışıb.

-Sosial şəbəkələrdə" ideal həyat" görüntüləri insanlarda tənhalıq və dəyərsizlik hissini artırırmı?
Sosial şəbəkələrdə paylaşdığımız həyat çox zaman reallığı əks etdirmir. İnsanlar bəzən sahib olmadıqları imkanları, yaşam tərzini özlərininki kimi təqdim edərək ideal obraz yaratmağa çalışırlar. Bu da sosial platformalarda bir növ rəqabət mühitinə səbəb olur. Belə süni həyat tərzlərini izləyən xüsusilə yeniyetmələr və depressiyaya meyilli insanlar arasında özgüvənsizlik, dəyərsizlik və tənhalıq hissi güclənir.
-Rəqəmsal aləmdə uzun müddət qalmaq empatiya qurmaq qabiliyyətini azldırmı?
Rəqəmsal aləmə marağın artması isə başqa bir problemə çevrilib. Ən çox rast gəlinən şikayətlər arasında yuxusuzluq, vaxtın idarə olunmasında çətinlik və sosial əlaqələrin zəifləməsi yer alır. İnsanlar ekran qarşısında keçirdikləri uzun müddət ərzində zamanın necə keçdiyini hiss etmir, reallıqdan uzaqlaşırlar. Bu isə cəmiyyətdən təcrid olunmaya, ailə və dost münasibətlərində soyuqluğa səbəb ola bilər.
Qısacası, rəqəmsal dünya həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, bu aləmdə balansı qorumaq, real həyatla əlaqələri qoparmamaq vacibdir.
Çinarə Tarverdiyeva
