Bu gün:

“İxtisas seçimində balanslı yanaşma vacibdir”-Psixoloq danışır


24Media.az-ın növbəti müsahibi psixoloq Fuad Əsədzadədir. O, gənclərin gələcək ixtisas seçimləri haqqında danışıb.


Gənclər ixtisas seçərkən nələrə diqqət etməlidirlər?



Gənclər gələcəklərini qurarkən, ilk növbədə, özlərini hansı ixtisasda görməli olduqlarına diqqət yetirməlidirlər. Bu baxımdan, insanların öz istəklərinin arxasınca getməsi, sevdikləri sahələri öyrənməsi əsas nüanslardan biridir. 


İnsanların daxildən güclü şəkildə istədikləri bir şey, əslində, yoxdur və bu hal insanlararası münasibətlərdə, eyni zamanda, iş mühitində də müşahidə oluna bilər. Daxildə olan potensialı real və mümkün şərtlər əsasında formalaşdırmaq məqsədəuyğundur. Gənc sevdiyi ixtisas və ya peşəyə sahib olmadıqda öz bacarıqlarını kəşf etməli, nələri daha yaxşı bacardığını araşdıraraq həyatı üçün önəmli addımlar atmalıdır. 


Nəticə etibarilə, insan sevdiyi şeyin həyatına necə təsir göstərəcəyi kimi meyarların fərqində olaraq balans yaratmağa çalışmalıdır. Burada şəxsi maraqlarla iqtisadi imkanların balanslaşdığı nöqtədən bəhs edirik. Eyni zamanda, cəmiyyətin tələbləri də özünü göstərir. Bu gün sosial mediada “insan öz istədiyinin arxasınca getməlidir” ideyası geniş yayılsa da, bu o qədər də real gözlənti deyil. Çünki nəticədə, biz sosial varlıqlarıq. İstəsək də, istəməsək də cəmiyyət bu və ya digər şəkildə həyatımıza təsir göstərir.


Doğrudur ki, çox zaman həyatımızı başqalarının fikirlərinə əsasən qurmuruq, amma onların fikirlərinin bizə təsirsiz olduğunu demək də doğru olmazdı. Ona görə də cəmiyyətin tələblərini, insanların müxtəlif fikirlərini dinləyərək məqsədəuyğun düşüncələri nəzərə almaq olduqca vacibdir.


Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et