
Portuqaliya futbolunun əfsanəsi Kriştiano Ronaldonun böyük oğlu – 14 yaşlı Kriştiano Ronaldo Jr ilk dəfə olaraq Portuqaliyanın 15 yaşadək futbolçulardan ibarət yığma komandasına çağırılıb.
Hazırda atası ilə birlikdə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda olan Ronaldo Jr, mayın 13-dən 18-dək Xorvatiyada keçiriləcək beynəlxalq yeniyetmələr turnirində iştirak edəcək. Turnirdə Portuqaliya millisi Yaponiya, Yunanıstan və İngiltərə yığmaları ilə qarşılaşacaq.
Atası kimi Ronaldo Jr də daha əvvəl "Mançester Yunayted", "Yuventus" və "Real Madrid" kimi nəhəng klubların akademiyalarında təcrübə qazanıb.
Portuqaliya millisinin 40 yaşlı hücumçusu Kriştiano Ronaldo sosial şəbəkədə oğlunun yığma siyahısında adının yer aldığı şəkli paylaşaraq, "Səninlə fəxr edirəm, oğlum" sözlərini yazıb.
Beş dəfə "Qızıl top" (Ballon d'Or) mükafatını qazanan Ronaldo Sr hələ də Portuqaliya millisində çıxış edir və 136 qolla kişilər arasında milli komandada ən çox qol vuran oyunçu kimi dünya rekordçusudur.
Xatırladaq ki, mart ayında keçirilən Millətlər Liqasının oyununda Ronaldo penalti zərbəsini dəqiqliklə yerinə yetirə bilməsə də, qolla yadda qalıb və Portuqaliya dramatik şəkildə Danimarkanı məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Mənbə: BBC FOOTBALL
Tərcümə etdi: Fatimə Cabbarlı
