Dünyanın ən tanınmış və populyar tapmacalarından biri – Rubik kubu – macar heykəltəraşı, memarı və müəllimi Ernö Rubik tərəfindən icad olunub. Onun bu ixtirası 1974-cü ildə meydana gəlib və əvvəlcə “Sehrli kub” (Bűvös kocka) adlandırılıb.
Rubik bu tapmacanı, əslində, tələbələrinə üçölçülü həndəsəni izah etmək üçün bir tədris vasitəsi kimi yaradıb. Əsas məqsəd hissələri hərəkət etdirə bilən, lakin mexanizmi pozulmayan bir konstruksiya hazırlamaq idi. İlk işlək prototipi yığdıqdan sonra Rubik başa düşüb ki, bu yalnız tədris aləti deyil – əsl tapmacadır: qarışdırıldıqdan sonra kubu yenidən əvvəlki vəziyyətinə qaytarmaq gözlənildiyindən daha çətin idi.
Kubun kütləvi istehsal hüquqları amerikalı Ideal Toy Corporation şirkəti tərəfindən alınıb və artıq 1980-ci ildə Rubik kubu rəsmi adı ilə dünya üzrə məşhurlaşıb. O vaxtdan bu günə qədər dünyada 450 milyondan çox nüsxəsi satılıb və tapmaca pop-mədəniyyətin, sürətli kub yığma yarışlarının və təhsil proqramlarının ayrılmaz hissəsinə çevrilib.
Rubik kubu sadəcə oyuncaq deyil – bu, yaradıcılığın, məntiqin və əzmkarlığın simvoludur. Bütün bunlar isə bir müəllimin məkan anlayışını tələbələrinə izah etmək istəyindən başlayıb.
Mənbə: smithsonianmag
Tərcümə etdi: İbrahim Çobabnlı