Bu gün:

“Auditoriya hər hansı bir mövzuya müxtəlif bucaqlardan daxil ola bilir”


Mediada "multimedia hekayəçiliyi", "cross-platform hekayəçiliyi" (platformalararası hekayəçilik) və "transmedia hekayəçiliyi" terminləri istifadə olunmaqdadır. Ümumilikdə media ilə əlaqəli bu anlayışlar fərqli işlənir. 24media.az-ın bununla bağlı sualını BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Anzulə Pərvizqızı cavablandırıb.

– “Multimedia”, “Cross-platform” və “Transmedia” anlayışlarını necə izah etmək olar?

Müasir dövrdə mediada hekayə təqdimetmə formaları texnologiyanın inkişafı ilə əlaqədar ciddi şəkildə dəyişib. Artıq hekayələr yalnız bir deyil, müxtəlif platformalar üzərindən yayımlanaraq fərqli auditoriyalara çatır. Bu zaman "multimedia hekayəçiliyi", "cross-platform hekayəçiliyi" (platformalararası hekayəçilik) və "transmedia hekayəçiliyi" terminləri qarışdırılır. Qeyd edim ki, bu anlayışlar bir-birinə bənzəsə də, əslində onların arasında mühüm fərqlər mövcuddur, xüsusilə, transmedia hekayəçiliyi yanaşma, auditoriya ilə qarşılıqlı əlaqə qurma və geniş “hekayə aləmi” yaratmaq potensialı ilə fərqlənir.

Gəlin, hər birinə ayrılıqda nəzər salaq. Belə ki, multimedia hekayəçiliyi hekayəni bir platformada müxtəlif media ilə, məsələn, mətn, video, audio və şəkillər vasitəsilə izah edir. Məsələn, xəbər məqaləsi daxilində video, foto və infoqrafika olan veb-səhifə multimedia hekayəçiliyinə nümunə ola bilər. Amma burada hələ də eyni əsas hekayə bir yerdə təqdim olunur.

“Cross-platform” hekayəçiliyi isə eyni hekayənin fərqli platformalarda təqdim edilməsidir. Məsələn, hər hansı bir televiziya serialının podkast və ya kitab versiyası da ola bilər. Hekayə dəyişmir, sadəcə fərqli formatlarda təqdim olunur.

Transmedia hekayəçiliyi isə tamam fərqli yanaşmadır. Burada fərqli, amma əlaqəli hekayələr müxtəlif platformalarda təqdim edilir və hər biri ümumi hekayə aləminə (storyworld) özünəməxsus töhfə verir. Beləliklə, hər bir platforma müstəqil hekayə təqdim edir, lakin hamısı  toplandıqda daha zəngin dünya yaradır. Məsələn, film əsas qəhrəmanları təqdim edir, videooyun digər personajları və hadisələri araşdırır, komiks isə keçmiş hadisələri göstərir . Bütün bunlar birlikdə hekayə aləmini formalaşdırır.

Qısaca desək, multimedia və cross-platform yanaşmaları eyni hekayəni fərqli yollarla təqdim edir, transmedia hekayəçiliyi isə fərqli hekayələr vasitəsilə daha geniş və dərin bir hekayə aləmi qurur. Beləliklə auditoriya hər hansı bir mövzuya müxtəlif bucaqlardan daxil ola bilir.

Həvva Cəbrayılova 

Paylaş
Şərh əlavə et