Bu gün:

Ticarət əbədidir, amma sabitlik yox


Sabitlik sağlam iqtisadiyyatın göstəricisidir. Bəzən şoklar iqtisadiyyatı müvəqqəti olaraq sabit tarazlıq vəziyyətindən çıxara bilər və tarazlığın özü zamanla dəyişə bilər. Amma bütün bunların arxasında uzun müddət ərzində şoklara davamlı olan və texnoloji irəliləyişlərə müsbət cavab verən ticarət əlaqələri şəbəkəsi dayanır. Şirkətlər yaranır və yox olur, amma ticarət əbədidir.

Lakin iqtisadi tarix bizə göstərir ki, sabitlik illüziyadır. İqtisadi sistemimiz sakit dövrlərlə ayrılmış fırtınalara meyillidir. İqtisadçılar inanırlar ki, bu sakit dövrlər sistemin normal halıdır və fırtınalar düzgün siyasət qərarları ilə qarşısı alına bilən sapmalar kimi qiymətləndirilir. Amma fırtınalar da sakitlik qədər sistemin bir hissəsidir. Onların qarşısını almaq mümkün deyil, sadəcə gecikdirilə bilər, bunun üçün təhlükəli və ya pozucu hesab olunan insanlar sıxışdırılır və ya qovulur.

İnsanlar tarixdən öncəki dövrlərdən bəri bir-biri ilə ticarət edirlər. Quru ilə mal və insan daşımaq çətin və baha başa gəldiyindən ibtidai insanlar adətən su yollarından istifadə ediblər. Minlərlə il ərzində qayıqlar ticarətdə üstünlük təşkil edib. Şəhərlər limanlar və çay keçidlərinin ətrafında formalaşıb, insanlar bu şəhərləri ələ keçirmək və idarə etmək üçün müharibələr aparıblar.

Əlbəttə, müharibələr ticarəti dayandırıb. Amma bir hökmdar bir şəhərə - daha yaxşısı, bir neçə şəhərə tam nəzarət qazandıqdan sonra ticarət yenidən başlayıb, müharibənin dağıntıları və qanlı nəticələri iqtisadi və siyasi sabitliklə əvəz olunub. Bu sabitlik adətən həmin hökmdar taxtdan salınana qədər davam edib. Sülalə ilə idarə olunan imperiyalar üçün isə bu proses əsrlər çəkə bilərdi.

Nadir resurslara nəzarət də klassik siyasi və hərbi məqsəddir. Su, əsas qida məhsulları, xammal, o cümlədən gübrə və enerji kimi mühüm resurslarda özünü təmin edə bilməyən ölkələr bu məhsulları digər ölkələrdən almağa məcburdur – eyni ilə dənizə çıxışı olmayan ölkələrin dənizə çıxış hüququnu başqa ölkələrdən almağa məcbur olduqları kimi. Tez-tez dənizə çıxışı qadağan etmək və ya mühüm resursların tədarükünü kəsmək təhdidi, siyasi təzyiq vasitəsi kimi istifadə olunur ki, dost olmayan qonşular itaətkar saxlanılsın.

Mənbə: The Mint Magazine

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et