
24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri narko-ekspert Emil Maqalovdur. O, narkotiklə bağlı sualımızı cavablabdırıb.
-Son illərdə narkotik istifadəçilərinin sayı necə dəyişib və insanlarda narkotik asılılığını və ona marağı azaltmaq üçün hansı təbliğat işləri görülməlidir?
-Bilirik ki, son illərdə narkotik istifadəçilərinin sayı çoxalıb. Əgər artıbsa səbəb nədir? Səbəb budur ki, əvvəlki narkotiklər başqa əşyalardan istifadə olunduğuna görə vaxt aparırdı, təxminən 5-10 dəqiqə çəkirdi. İndiki narkotiklərin istifadəsi dəyişdi. Əvvəlki narkotiklər qismən "təbii narkotiklər" idi, indikilər isə kimyəvi narkotiklərdir, və istifadəsi asanlaşdı. Digər bir məsələ isə odur ki, bizim əvvəl işğal olunmuş torpaqlarda İranlılar ermənilərin əli ilə istehsal edirdi. Əkin də, biçin də, tranzit də var idi. Və son illərdə də İranla Azərbaycan arasında baş verən kiçik münaqişələr narkotik satışına şərait yaradıb.
İnsanlarda narkotik asılılığına qarşı hansı tədbirlər görülür sualı gündəmdə olan suallardan biridir. Məsələ burasındadır ki, mən televiziya çıxışımda da demişdim ki, bu məsələ ilə bağlı anti-təbliğat işləri düzgün şəkildə aparılırmalıdır. Belə ki, bununla bağlı tədbirlər keçirilir. O tədbirlərdə, adətən, eyni uşaqlar, gənclər olur. Və bu da bir növ onu göstərir ki, onlar bura bu mövzu ilə bağlı yox, tədbirdə iştirak etməyə məcburi gətirilib. Və bunun üçün nə etmək lazımdır? Belə deyim ki, bunun üçün el arasında deyilən, "tərbiyəsiz", "tində duran", "əhatəsi güclü olan" gənclər lazımdır. Bizə bir növ riskli qruplar lazımdı. Onlara təlim keçmək üçün də, onların dilində danışmaq lazımdır. Yəni onlar necə danışır, necə başa düşürlərsə, elə anlatmaq lazımdır. Çox yerdə, çox tədbirdə bədii dildə danışılır. Və həmin adamlar da bunu anlamırlar. Məsələn, tutaq ki, çöldə heç kəs heç kəsə "gəl gedək, çətənək kolu çəkək" deməz. Yəni bu təhlükənin küçə dilində adı nədirsə, o dildə başa salmaq lazımdır.
Ölkədə bu sahə ilə bağlı keçirilən tədbirlərdən danışsaq, deyə bilərəm ki, mən yeganə narko-ekspert kimi bu barədə təmannasız təlimlər keçir, bu sahə ilə məşğul oluram. Regional-Sosial Təşəbbüslər İctimai birliyinin sədri kimi təmannasız bir şəkildə təlimlər keçirəm. Mən öz fəaliyyətimdəm desəm, belə edirəm ki, hansısa bir məktəb yaxınlığında narkotiklə bağlı bir xəbər yayılırsa, mən o məktəbə gedirəm. Müəllimlərlə danışıb bu sahəyə yönələ biləcək uşaqları yığıb danışıram. Və sonda da 10 faiz belə olsa, yaxşılığa doğru artım müşahidə edirəm. Bunları, əsasən, qeyri-hökumət təşkilatları etməlidirlər. Amma onlardan da demək olar ki, dəstək yoxdur. Polislər də əvvəlkindən qat-qat güclənib və daha yaxşı nəticə var. Amma narkotik polisin işidir. Narkomaniya polisin işi deyil. Çünki polisin işi onu A nöqtəsindən B nöqtəsinə gətirməkdir. Və onları məhkəməyə, əsas məsələ müalicə müəssisələrinə göndərməlidirlər. Amma, təəssüf ki, belə müəssisələrimiz çox azdır və keyfiyyətli müalicə yoxdur.
Əli Mehdili
