Artıq ötən ilin avqust ayından etibarən Dövlət İmtahan Mərkəzi tərəfindən mütəmadi olaraq taksi sürücüləri üçün imtahanlar təşkil olunur. Sonuncu imtahan 30 aprel tarixində təşkil olunub və imtahana gələn 712 namizəddən 585-i imtahandan uğurlu nəticə əldə edib. Bu da 100-dən çox sürücünün uğursuz nəticə əldə etdiyini göstərir. İmtahan ən sadə qaydaları bilməyən sürücülərin imtahandan kəsilərək taksi sürücüsü kimi fəaliyyət göstərmələrini məhdudlaşdırır və yalnız bilikli, savadlı kadrlar sürücü kimi çalışmağa davam edirlər.
Bəs, görəsən, ümumiyyətlə, taksi sürücülərinin imtahana cəlb olunması hansı töhfələri verir? Mövzu ilə bağlı "24media.az"a açıqlama verən nəqliyyat eksperti İlkin Novruzov bildirir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən taksi sürücüləri üçün imtahan keçirilməsi çox faydalıdır.

"Diqqət etsək, taksi sürücüləri imtahandan öncə bir neçə günü əhatə edən təlimlərə qoşulurlar. Yalnız bundan sonra imtahana daxil olurlar. İmtahanı isə 20 sualdan ibarət qapalı tipli test sualları əhatə edir. Həmin sualların 10 ədədini doğru yazanlar artıq imtahandan keçmiş hesab olunurlar. 7 illik şəhadətnamə əldə edirlər".
Ekspert deyir ki, cəmiyyətimiz üçün taksi sürücülərinin imtahanlara cəlb edilməsində fayda odur ki, imtahanda istər təlim zamanı keçirilən mövzular, istərsə də sərnişindaşımalarını əhatə edən normativ hüquqi sənədlər haqqında, eləcə də avtomobil nəqliyyatı zamanı sərnişin və yükdaşımalar, sərnişinlərin və sürücülərin hüquq və vəzifələri, sürücülərə qoyulan tələblər, iş və istirahət rejiminə əmək edilməsi qaydaları, ilkin tibbi yardım haqda qaydaların aşılanması, yol hərəkəti təhlükəsizliyi haqqında qaydalar, sərnişinlərlə davranış tərzi, ən əsası da etik normativ qaydalar haqqında mövzular əsas mövzular idi. Və təsəvvür edin ki, vətəndaş taksi çağırır, sürücü də artıq ixtisaslaşmış, savadlı bir kadrdır.
"Hansı ki onlar adını sadaladığım mövzular haqqında ilkin biliklərə yiyələniblər. Ən önəmlisi də sərnişinlərlə davranış tərzi və etik normativ qaydalar barədə xüsusi tapşırıqlardan keçniş şəxsdirlər. Düşünürəm ki, bax belə savadlı sürücülərin yetişdirilməsi cəmiyyətimizdə taksi sürücüsü və vətəndaş arasında mübahisələrin olmamasına gətirib çıxardacaq".
"Bu imtahanlar sayəsində taksi-sərnişin münasibəti tənzimlənəcək, bir-birlərini başa düşmələrinə xidmət göstərəcək, cəmiyyət üçün faydalı addım olacaq. Onu da qeyd edim ki, imtahandan keçmiş taksi sürücüləri üçün normal iş qrafikinin seçilməyinin daha yaxşı olacağını düşünürəm. Çünki normadan çox işləyən sürücü tez yorulur və qəzalara səbəb ola bilir", - deyə ekspert vurğulayıb.
Məryəm Cəfərli
