Bu gün:

“Alibaba”nın “ChatGPT”yə yeni rəqibi


Süni intellekt sahəsində rəqabət sürətlə davam edir. Alibaba-nın təqdim etdiyi yeni nəsil "Qwen3" modellərinin ChatGPT və Gemini kimi qabaqcıl texnologiyalarla rəqabət apara biləcəyi bildirilir. 


Tərtibatçılar və texnologiya həvəskarları üçün açıq mənbə kimi təqdim olunan "Qwen3" modellərinə bulud əsaslı platformalar vasitəsilə də giriş mümkündür.


"Qwen3" nədir?

Alibaba-nın təqdim etdiyi "Qwen3" seriyası müxtəlif ölçülü süni intellekt modellərini özündə birləşdirən geniş bir struktura malikdir. Modellərin parametrləri 600 milyon ilə 235 milyard arasında dəyişir, bu da həm şəxsi, həm də korporativ layihələr üçün müxtəlif variantlar təklif edir.


Şirkətin ən güclü modeli olan Qwen-3-235B-A22B bəzi testlərdə OpenAİ-nin o3-mini və Google-un Gemini 2.5 Pro modellərini geridə qoyub. Lakin bu model hələ ictimaiyyətə təqdim edilməyib. Digər tərəfdən, daha əlçatan Qwen3-32B modeli GitHub və Hugging Face kimi platformalardan yüklənə bilər.


“Qwen3"ün rəqiblərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri hibrid quruluşudur. Sistem verilən sualın mürəkkəbliyinə görə müxtəlif emal yolları izləyir, sadə suallara sürətli cavablar verir, mürəkkəb problemlərdə isə daha çox düşüncə prosesi tələb edir.


Alibaba bu sistemi 'düşüncə intensivliyinin istifadəçi tərəfindən tənzimlənə biləcəyi' şəkildə təsvir edir. Yəni, modelin istifadə etdiyi emal gücü istifadəçi seçiminə əsasən formalaşır, bu da daha fərdiləşdirilmiş və səmərəli nəticələr təmin edir.


119 dildə dəstək

"Qwen3" ailəsi 119 fərqli dili dəstəkləyir, bu da onu həm yerli, həm də beynəlxalq layihələr üçün ideal edir. Model təxminən 36 trilyon tokenlə öyrədilib və bu, onun bilik əsaslı məzmun yaradılması, riyazi əməliyyatlar, proqram problemləri və dil modelləşdirməsi kimi sahələrdə effektiv performans göstərməsini təmin edir.


"Qwen3" modellərini necə əldə etmək olar?

Alibaba "Qwen3" seriyasını həm açıq mənbə, həm də kommersiya platformalarında əlçatan edib, bu modellərdən bəziləri GitHub, Fireworks Sİ və Hiperbolikdə mövcuddur. 




Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et