Bu gün:

Gen ekspressiyasının ətraf mühitlə tənzimlənməsi


Epigenetika nədir və bizə necə təsir edir?

Ətraf mühit bizim genlərimizə birbaşa təsir edə bilməsə də, onların fəaliyyətini dəyişə bilər. Bu dəyişikliklərə epigenetik modifikasiyalar deyilir. Məsələn, eyni genetik mirasa sahib olan əkizlər fərqli mühitdə böyüdükdə biri kökələ, digəri isə arıq qala bilər; biri sağlam, digəri isə psixi xəstə ola bilər.

Epigenetik dəyişikliklər nəyə görə baş verir?

Bu dəyişikliklərə səbəb olan amillərə qidalanma, stress, dərmanlar, toksinlər, həyat tərzi və yaşadığımız yer daxildir. Bunlar genlərin "açılıb-bağlanmasına" səbəb olur, yəni genlər ya aktivləşir, ya da susdurulur. Bu, DNA-nın öz ardıcıllığını dəyişmədən baş verir.

Əsas mexanizmlər nədir?

Ən çox bilinən mexanizmlərdən biri DNA metilasiyasıdır. Bu proses genin üzərinə kimyəvi “etiketlər” qoyaraq onun fəaliyyətini dayandıra və ya dəyişdirə bilir. Digər bir mexanizm isə histon modifikasiyasıdır – bu da DNA-nın büküldüyü proteinlərə təsir edir. Kiçik molekullar olan mikroRNA-lar da genlərin fəaliyyətinə nəzarət edir.

Heyvanlar üzərində aparılan tədqiqatlar 

• Agouti siçanları

Eyni genə sahib olan siçanlar fərqli qidalanmaya görə fərqli rəng və sağlamlıq xüsusiyyətləri göstərirlər. B vitamini ilə bəslənən ana siçanların balaları daha sağlam olur.

•Drosophila milçəkləri

Yumurta istiliyə məruz qalarsa, milçəyin gözləri qırmızı olur və bu xüsusiyyət nəsildən-nəslə ötürülür.

•Siçan anaları

Ana siçan balasını tez-tez yalıyarsa, bu qayğı balanın stresə qarşı daha dözümlü olmasına səbəb olur. Bu dəyişiklik beynin müəyyən sahəsindəki genlərin fəaliyyətini dəyişir.

İnsanlarda epigenetika və xəstəliklər

İnsanlarda epigenetik dəyişikliklər xərçəng, şəkər, Alzheymer kimi xəstəliklərin inkişafında rol oynaya bilər. Məsələn, bəzi genlərin çox aktivləşməsi və ya susdurulması bu xəstəliklərə səbəb ola bilər. 1944-1945-ci illərdə baş verən Hollandiyada aclıq dövründə hamilə olan qadınların uşaqlarında və nəvələrində bu travmanın izləri tapılıb.
Genetik kod dəyişməsə də, epigenetik mexanizmlər bu kodun necə oxunacağını dəyişir. Bu dəyişikliklər ətraf mühitin və həyat tərzimizin bizim sağlamlığımıza və hətta gələcək nəsillərə necə təsir etdiyini göstərir.

Mənbə: environnement.org

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et