Bu gün:

Sınaq imtahanları abituriyentlərə nə verir?


Hazırda abituriyentləri ən çox maraqlandıran sınaq imtahanlarıdır. Hansı ki bu imtahanlar vasitəsilə şagirdlər sual tipləri ilə tanış olur, əsas imtahana əvvəlcədən hazırlıq görürlər.  


Təhsil eksperti Rizvan Fikrətoğlu bu haqda 24Media.az-a danışlb. Onun sözlərinə görə, sınaq imtahanlarında iştirakın vacibliyi vurğulanmalıdır. Belə imtahanlar abituriyentin qəbul imtahan prosesinə adaptasiya olmasına, təcrübə toplamasına şərait yaradır. Əsas məsələlərdən biri də abituriyentdə 3 saatlıq imtahan vaxtından düzgün istifadə etməsi vərdişləri formalaşır. 


"Abituriyentlər çox vaxt 3 saatdan düzgün istifadə edə bilmədiklərindən şikayətlənirlər. Bu baxımdan sınaq imtahanlarında abituriyentin iştirakı vacibdir. Bundan əlavə, sınaq imtahanları abituriyentin bilik səviyyəsini də qiymətləndirir. Çox sınaq görmüş abituriyent üçün əsas imtahan artıq qorxulu olmur. Bu, psixoloji möhkəmlik yaradır", - deyə ekspert əlavə edir. 


Lakin onun fikrincə, müsbət tərəflərlə yanaşı, qəbul imtahanından çətin və ya daha asan tərtib olunan sınaq imtahanın fəsadları da var. Çünki belə sınaq imtahanından yüksək nəticə göstərdikdə abituriyentdə özünəinam, aşağı nəticə göstərdikdə isə motivasiya düşkünlüyü müşahidə olunur. Buna görə də bütün kursların təşkil etdiyi sınaq imtahanlarında iştirak məcburi deyil. Araşdırılmalı və daha çox Dövlət İmtahan Mərkəzinin qəbul səviyyələrini əhatə edən sınaq imtahanlarına gedilməlidir.


"DİM-in təşkil etdiyi sınaq imtahanları az olduğu üçün özünü doğrultmuş kursların sınaqlarında da iştirak etməyi tövsiyə edirəm. Yekun olaraq, sınaq imtahanı dəqiq analizlə müşayiət olunarsa və psixoloji yük kimi deyil, təcrübə kimi qəbul olunarsa, olduqca faydalıdır. Əsas odur ki, nəticə motivasiya üçün istifadə edilsin, qorxu mənbəyinə çevrilməsin",- deyə ekspert diqqətə çatdırır”.



Məryəm Cəfərli

Paylaş
Şərh əlavə et