Bu gün:

"Məktəblərdə keçirilən tədbirlər təkcə əyləncə deyil... "


24Media.az-ın budəfəki müsahibi Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənlidir. O, son zamanlar "son zəng" tədbirlərində səsləndirilən "meyxana" janrında mahnılardan və şagirdlərin belə davranışlarının əsas səbəblərindən danışıb. 

Son zamanlar sosial şəbəkələrdə yayılan videolardan belə görünür ki, bir sıra təhsil ocaqlarındakı “Son zəng” tədbirində şagirdlər “meyxana” janırında olan müsiqiləri səsləndirir, oxuyub, ifa edirlər.

-Şagirdlərin bu davranışları nədən irəli gəlir? 

Əvvəla qeyd etməliyik ki, bu cür davranışların baş verməsi təsadüfi deyil. Bu, ilk növbədə ümumi ictimai-mədəni mühitin, sosial medianın təsir gücünün və ailə-məktəb-tələbə üçbucağındakı dəyərlərin formalaşmasındakı boşluqların nəticəsidir. Şagirdlər üçün nümunə və ilham qaynağı çox zaman ailədən və məktəbdən deyil, sosial mediadan gəlir. Sosial şəbəkələrdə meyxana janrında yayılan və çox zaman zəngin məzmun daşımayan videolar geniş auditoriya qazanır və bu, şagirdlərdə “populyar olmaq” meyli ilə bəzi davranışlara meyil yaratmış olur. Onlar üçün vacib olan artıq “nə qədər dəyərli iş etdikləri” deyil, “nə qədər bəyənilmə və izlənmə qazandıqlarıdır”.

-Məktəb rəhbərləri bu kimi halların qarşısını almaq üçün nələr etməlidirlər? 

Bu vəziyyətdə məktəb rəhbərlərinin və müəllim kollektivinin üzərinə böyük məsuliyyət düşür. İlk növbədə, hər bir məktəbdə keçiriləcək tədbirlər üçün əvvəlcədən məqsəd və məzmun baxımından konkret ssenari və proqram hazırlanmalıdır. Tədbirin hər bir hissəsi pedaqoji məqsədlərə xidmət etməli, milli-mənəvi dəyərləri əks etdirməli və estetik baxımdan təmiz və maarifləndirici olmalıdır.

Bununla yanaşı, məktəb rəhbərliyi tədbirə çıxış edəcək şagirdlərin hazırlığını əvvəlcədən izləməli, hansı musiqi və ya çıxışla səhnəyə çıxacaqlarını bilməlidir. Təəssüf ki, bəzi hallarda məktəb rəhbərləri “şagirdlər nə istəyirlərsə, edə bilərlər” yanaşması ilə prosesə qeyri-ciddi yanaşırlar və bu da nəzarətsizliyə səbəb olur.

Digər mühüm məsələ mədəni zövqün formalaşdırılmasıdır. Məktəblərdə estetik tərbiyəyə yönəlik işlər artırılmalı, bədii ədəbiyyat, teatr, musiqi və milli mədəni irsimizə dair fəaliyyətlər şagirdlərin həyatında aktiv rol oynamalıdır. Əgər biz gənclərimizə yüksək zövq aşılamasaq, onlar boşluğu təsadüfi və keyfiyyəti şübhə doğuran məzmunla dolduracaqlar.

Nəhayət, valideynlərlə iş də önəmlidir. Valideyn-məktəb əməkdaşlığı yalnız valideyn iclaslarında gündəlik məsələlərin müzakirəsi ilə məhdudlaşmamalı, birgə dəyər tərbiyəsi və mədəni yönləndirmə mövzusunda sistemli əməkdaşlıq qurulmalıdır.

Nəticə etibarilə, məktəbdə “Son zəng” və digər bu kimi tədbirlər təkcə bir əyləncə deyil, həm də pedaqoji dəyəri olan ictimai-sosial hadisədir. Ona görə də bu cür tədbirlər şagirdlərin milli-mənəvi dəyərlərə bağlılığını artırmalı, onların zövqünü formalaşdırmalı və maarifləndirmə məqsədi daşımalıdır. Bu məsuliyyəti həm təhsil işçiləri, həm valideynlər, həm də cəmiyyətin bütün üzvləri birlikdə dərk etməlidirlər.

Çinarə Tarverdiyeva

Paylaş
Şərh əlavə et