24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi təhsil eksperti İlqar Orucovdur. O, süni intellekt və rəqəmsal texnologiyaların təhsildə rolu haqqında danışıb.
- Süni intellekt və rəqəmsal texnologiyaların təhsildə rolu necə dəyərləndirilir?
Süni intellektin və rəqəmsal texnologiyaların təhsildə rolu yeni çağırışlar və qlobal həllər fonunda ciddi mövqeyə malikdir. Müasir dövrdə süni intellektin və yeni növ biliklərin istehsalı ilə bütövlükdə təhsil sektorunda və təhsil prosesində yeni reallıqlar gerçəkləşməkdədir. Artıq təhsili rəqəmsallaşma və yeni texnologiyalar olmadan təsəvvür etmək mümkün deyil. Nəzərə alsaq ki, artıq rəqəmsallaşma və süni zəka həyatın bütün sahələrində öz təsirini göstərməkdədir. Eyni zamanda, yeni texnologiyalar elm və təhsilin məhsullarıdır. Bu gün ali təhsildə rəqəmsallaşmanın və süni zəkanın gətirdiyi və diqtə etdiyi reallıq danılmazdır. Həmçinin yeni biliklərin istehsalında və onların meydana çıxmasında süni zəka və rəqəmsallaşma öz təsirini bundan sonra daha çox göstərəcək. Təhsilin ötürülməsi prosesində müxtəlif fənlərin artıq multidisiplinar, transdisiplinar və interdisiplinar yanaşmalar daha ciddi şəkildə özünü göstərəcək. Fərqli sahələrin tədrisi artıq rəqəmsallaşma olmadan mümkün olmayacaqdır. Bu, bir neçə fənnin, disiplinin həm birləşməsində, həm kəsişməsində, həm də inteqrasiyasında yeni həllər və biliklərin formalaşmasına səbəb olacaq. Fənlərarasılıq yeni imkanlar ortaya çıxaracaq. Bu da, ilk növbədə, ali təhsildə hiss olunacaq. Biz həm orta məktəbdə, həm də məktəbəqədər təhsildə süni zəkanın və robot texnologiyasının rolunu birbaşa görə biləcəyik. Yeni reallıqlar təhsilimizin müasir tələblər səviyyəsində həm məzmununa, həm proqramlarına, eyni zamanda məzmunu tədris edən mütəxəssislərin – yeni nəsil pedaqoqların hazırlanmasına təsir edəcək və qeyd olunan məqamların nəzərə alınmasını diqtə edəcək. Ali təhsildə yeni ixtisasların sürətlə yaranması fonunda həmin istiqamətdə kadr hazırlığını əvvəlcədən planlaşdırmalıyıq və bunu qabaqcadan görə bilməliyik. Bu baxımdan universitetlərin üzərinə çox böyük məsuliyyət düşür. Ümumilikdə hesab edirəm ki, artıq inkişaf o qədər sürətli olacaq ki, təhsil sisteminin, rektorların düşüncə tərzinin və gələcəyi proqnozlaşdırma qabiliyyətlərinin yüksək olması zərurətə çevriləcək. Rəqabət kifayət qədər sürətli olacaq. Son illərdə texnoloji inkişaf o qədər sürətlənib ki, 100 il ərzində baş verən dəyişiklikləri indi 2-3 ay ərzində müşahidə edə bilirik. Süni intellekt və texnologiyaların təhsildə tətbiqindən söhbət gedərkən, təkcə texnoloji vasitələrin istifadəsindən deyil, biliklərin ötürülməsi, bilikvermə bacarığımızın və kadr hazırlamaq imkanlarımızın gücləndirilməsindən danışmaq lazımdır. Bununla bağlı dövlətimizin də yeni baxışı ortadadır. Cənab Prezident bu istiqamətdə müvafiq sənədlər imzalamış və yeni proqramlar həyata keçirilməkdədir.
Xədicə Cabbarlı
