Bu gün:

"Dəb keçici, stil isə qalıcıdır"- Aynur Xəlilova ilə MÜSAHİBƏ


24Media-nın budəfəki müsahibi ölkəmizin tanınmış gənc modelyerlərindən olan, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) fəal üzvü Aynur Xəlilovadır.

Aynur xanım, bildiyimiz qədəri ilə Bakı Dövlət Universitetinin məzunusunuz, moda sahəsinə necə yönəldiniz?

- Əslində, mənim modaya marağım hələ uşaq yaşlarından formalaşıb. Ən böyük arzum modelyer olmaq idi. Lakin valideynlərimin təkidi ilə dördüncü ixtisas qrupu üzrə hazırlaşdım və Bakı Dövlət Universitetinin "Genetika" ixtisasına daxil oldum. Hər nə qədər genetik olsam da, qəlbimdə modaya olan həvəs heç bitmirdi. Universitet bitəndə mən artıq qərarımı vermişdim ki, moda sahəsi üzrə fəaliyyətimi davam etdirəcəm. Bunun necə çətin olduğunu dərk edirdim. Çünki bir sahəni dərindən bilmədən,  A-dan Z-yə qədər məlumatlı olmadan uğur qazanmaq mümkün deyil. Bu səbəblə də ilk növbədə, moda təhsili almağa başladım. Sıfırdan öz işimi qurdum. Artıq 7 ildir ki, bu sahədəyəm.

Moda sahəsində yetəri qədər rəqabət var. Bu rəqabətdə siz necə fərqlənirsiniz?

- Hər sahədə olduğu kimi moda sahəsində də rəqabət var. Amma mən bu rəqabətdə özümü görmürəm. Çünki mənim bir dizayner olaraq xüsusi tərzim var və bu tərz sadəlikdən yanadır. Ziyafət geyimlərində son trendlərə uyğun, amma sadəliyi ön planda tutaraq geyimlər hazırlamağa çalışıram. Əvvəl müştərilərə sadə geyim anlayışı çox yad idi, indi isə tam əksidir. Sadəliyin geyimi daha gözəl göstərdiyini anlayırlar. Mənim fikrimcə, sadə geyimlər xanımların gözəlliklərini ön plana çıxarır. Komandam və mən hər bir müştəriyə fərdi yanaşır, kreativ  və keyfiyyətli məhsulun ortaya çıxması üçün fikir mübadiləsi aparırıq. Bu nüanslar bizi müştərilərimizə sevdirir.

"By Aynur Khalilova" milli brendini necə yaratdınız?

- “By Aynur Khalilova" milli brendi çox təsadüfi, amma planlı şəkildə yarandı. Mən ev xanımı olmuşam və bunu həmişə deyirəm ki, mən evdən çıxıb iş qurmuşam. İçimdəki həvəs mənə bu yerlərə gəlməkdə kömək oldu. Bu işə başlayanda heç bir məlumatım yox idi, işimin təhsilini aldım, özümü inkişaf etdirdim, bir müddət sonra əmin addımlarla irəlilədim. Çox az maliyyə vəsaiti hesabına bir binanın 19-cu mərtəbəsində "By Aynur Khalilova" fəaliyyətə başladı. Bu sferada heç tanınmadan və heç kəsin köməyi olmadan irəliləyib bu yerlərə kimi gəlib çıxmışam. Əvvəllər 1 dərzi ilə işə başlasaqda indi 8 dərzi ilə işləyirik. Mən özümlə və peşəkar komandamla fəxr edirəm. Hazırda Azərbaycanın tanınan moda ateliyelərindən birinə sahibəm və ancaq işim cəhətdən tanınıb dəstək görürəm. Bu dəstək və sevgi məni və komandamı çox sevindirir.

Bu yaxınlarda "Dəbli" adlı şirkətinizin açılacağını elan etdiniz, buna necə qərar verdiniz?

- "Dəbli" yeni və qlobal bir şirkətdir. Nəinki dünyanın aparıcı brendləri ilə ayaqlaşa bilər, hətta deyərdim ki, bir çox kriteriyalara  görə onlardan daha üstün olacaq. Biz komanda olaraq yeni trendləri izləyir və öz işimizi buna uyğun qururuq. "Dəbli"də “By Aynur Khalilova" brendindən fərqli olaraq, hər kəsin büdcəsinə uyğun gündəlik geyimlər mövcuddur. "Dəbli" pandemiya dövründə ölkə iqtisadiyyatına böyük miqyasda xeyir gətirəcək şirkətdir. Artıq hər kəs qəbul edir ki, keyfiyyətli və sərfəli məhsulu almaq üçün xarici bazara deyil, yerli bazara da etibar etmək lazımdır. Bizim istehsal etdiyimiz məhsullar öz keyfiyyəti və münasib qiymətli olması ilə digər marka və şirkətlərdən fərqlənir.

Hazırda yerli mallara üstünlük verilir, yoxsa xarici mallara? 

- Düzdü, 5 il öncəyə qədər xanımlarımız xarici məhsullara daha çox üstünlük verirdi. Lakin hazırda vəziyyət tam fərqlidir. Çünki bu müddətdə Azərbaycanda moda sənayesi sürətlə inkişaf etdi və xanımlarımız yerli moda şirkətlərinə üstünlük verməyə başladılar. 

Pandemiya dövründə biz yeni bir dönəmə daxil olduq. Onlayn ticarət və onun üstün cəhətləri getdikcə artmağa başladı. Biz də bu prosesdən kənarda deyilik və onlayn satış platformasına xüsusi diqqət yetiririk. Müştərilərin təkliflərini onlayn formada onlarla dəyərləndirir və evə qədər rahat çatdırmanı təmin edirik.

"AQSİA"dakı fəaliyyətiniz barəsində danışa bilərsiniz?

- Mən daim xanımların şəraitindən aslı olmayaraq, önə çıxmasında maraqlı olmuşam. Bu səbəblə də əlimdən gəldikcə qadınlara və qadın platformalarına yardımlar etməyə çalışıram. "Xeyirli Əllər Xeyriyyə Cəmiyyəti"- nin sədriyəm. Burada bir çox köməyə ehtiyacı olan xanıma dəstək oluruq. "AQSİA" rəhbərliyinin, o cümlədən sədrimiz Səkinə Babayevanın böyük köməyi, rəhbərlikdə təmsil olunan digər şəxslərin öz işinin peşəkarı olması bizi irəliyə aparır. "AQSİA" çərçivəsində daha uğurlu və gözəl işlərə imza atacağımızdan heç şübhəm yoxdur.

Ailəli, üç övlad sahibi, eyni zamanda iş sahəsində də öz sözünüzü demiş xanımlardansınız. Bunların hamısını necə çatdırırsınız? 

- Düzdür, evliyəm və üç övladım var. Təbii ki, iş və ailə həyatı arasında müəyyən çətinliklər olur. Amma düşünürəm ki, bunlar xoş çətinliklərdir. Mənim fikrimcə, uğurlu xanımların ilk şəxsi həyatları yolunda olmalıdır ki, onlar bütün enerjilərini işə verə bilsinlər. Mənim uğur yolumda işığım ailəmdir. Hər bir xanım ilk evində uğurlu olmalıdır, övladlarının qayğısına qalmalı, evinin xanımı olmalıdır. İşə nə qədər önəm versəm də, öncəliyim məhz ailəmdir. İş sahəsinə gəldikdə isə hər şey insanın özündən başlayır. Qarşıya məqsəd qoymaq və əmin addımlarla məqsədə doğru irəliləmək lazımdır. Bu yolda zəhmət ən önəmli arqumentdir. Və ən əsası yeni məlumatlara açıq olmaq, düzgün zamanda düzgün adama və sahəyə investisiya etməyi bacarmaq lazımdır. 

Moda sahəsinə yönəlmək istəyən xanımlara nə məsləhət görə bilərsiniz? 

- Bu fikirlərim təkcə moda sahəsinə şamil olunmur, digər sahələrə də aiddir ki, bir işə başlamazdan öncə həmin işin ən incə detallarına kimi öyrənmək vacibdir. Hansı sahəyə yönəlməyinizdən asılı olmayaraq, həmin sahənin təhsilini almaq mütləqdir. Praktika etməli, daim öz üzərinizdə çalışmalı, yenilikləri, trendləri izləməli və onları özünüzə uyğun şəkildə inteqrasiya etməyi bacarmalısınız. Yuxarıda qeyd etdiklərim moda sahəsinədə aiddir. Moda sahəsində ən önəmli nüans xəyal dünyanızı geniş tutmaq və o xəyalları həyata keçirəcək motivasiyaya sahib olmaqdır.

Sosial şəbəkələrdə də xeyli sevilirsiniz, bunun səbəbini nədə görürsünüz?

- Sosial media həyatımızda mühüm yer tutur. İnsanlar realda görmədikləri, amma sosial şəbəkədən tanıdıqları insanları izləyirlər. Ya çox sevirlər, ya da heç sevmirlər. Mənim izləyicilərim məni bəyənərək izləyirlər, bu, mənə çox xoş olur. İzləyicilərimə örnək olmağa çalışıram, çünki sosial mediada hər yaş qrupundan insanlar bizi izləyir. Onlar mənim ailə həyatımı, işimi, dostlarımı görür, nümunə götürməyə çalışırlar və bu, mənim üçün çox sevindirici bir haldır. Məni izləyən kütlə də mənim fikirlərimə və düşüncələrimə böyük hörmət bəslədiyi üçün belə bir kütlə tərəfindən sevildiyimə görə çox şad oluram.

Xanımlara gözəl geyimlər hazırlayırsınız, bəs heç hazırladığınız geyimi bəyənməyib çətinlik yaradan müştəriniz olubmu? 

- Ümumiyyətlə, xanımlarla işləmək çətindir, bəzən zövqlər və fikirlər arasında ayrılıqlar olur. Geyim son halını alana qədər müəyyən mərhələlərdən keçir və onun hazırlanması müəyyən bir vaxt tələb edir. Burada səbr əsasdır. Çox az hallarda bu hadisə baş verir. Amma sonda nəticə həmişə ürəkaçan olur və bəyənilir.

Müsahibələrinizin birində qeyd etmisiniz ki, geyimi tamamlayan ən önəmli detal məhz ayaqqabıdır. Geyimi tamamlayan başqa aksesuarlar hansılardır? 

- Mən xanımların geyimlərində hər bir detalın böyük önəm daşıdığını düşünürəm. Burada çanta, ayaqqabı və digər aksesuarlar da önəmli yerə sahibdir. Sadə geyim tərzini sevdiyim üçün digər nüansları ön plana çəkməyi daha məqsədəuyğun görürəm. Xanımların zövqlü olub-olmadıqlarını da məhz ayaqqabılarından seçmək mümkündür. Geyimi tamamlayan birinci nüans məhz ayaqqabıdır, sonra isə çanta və aksesuarlar gəlir.

Aynur xanım, sonda oxucularımıza nə demək istəyərsiniz? 

- Bütün xanımlara demək istəyirəm ki, dəbi izləyin, amma stilinizə investisiya edin. Çünki dəb keçici, stil isə qalıcıdır. Sizə yaraşan və içində xoşbəxt olduğunuz geyimləri geyinin. Burada önəmli olan dəbi öz stilinizə uyğunlaşdırmaqdır.

Mehin Vəliyeva

Paylaş
Şərh əlavə et