Gecə uzandığınızda keçmişi düşünməyə, unudulmuş detalları düşünməyə başlayırsınızsa, tək deyilsiniz. Bu sakit və qaranlıq anlar zehnimizin daha dərin işlədiyi, melankoliyanın isə asanlıqla özünü göstərdiyi vaxtlardır. İndi isə gəlin bu mövzuya birgə nəzər salaq.
Bir çox insan gecə saatlarında özünü daha yalnız və həssas hiss edir. Çünki diqqəti yayındıran faktorlar azalır və insan düşüncələri ilə baş-başa qalır. Zehnin keçmişi təkrar-təkrar analiz etməsi isə 'ruminasiya' adlanır və bu da mənfi emosiyaların güclənməsinə səbəb ola bilər.
Depressiyaya meyilli insanlar gecə kədərini daha dərindən yaşayır. Yorğunluq və tək qalmaq, zehnin keçmişlə üz-üzə gəlməsinə şərait yaradır. Bəzən bu vəziyyəti təkcə düşüncələr yox, otaqdakı zəif bir işıq belə gücləndirə bilər. Tədqiqatlara görə, gecə işığa məruz qalmaq yuxunu və əhvalı poza bilər. Xüsusilə, gənclərin gözləri işığa daha həssas olduğundan bu, yuxu ritminə və ümumi psixoloji vəziyyətə mənfi təsir edə bilər.
Qaranlıq otaqda yatmaq düşündüyümüzdən daha çox əhvalımıza təsir edə bilər. Gecə gələn kədərin səbəbi bəzən ertəsi günün yaratdığı stress olur. Əgər iş mühitiniz sizə narahatlıq verirsə, bu düşüncələr gecə daha da güclənə bilər. Bəzən isə bu hisslər təkcə işlə deyil, ümumi narazılıq, tənha qalmaq və ya həyatla əlaqə qura bilməmə ilə bağlı olur.
Üstəlik bu hisslər bir müddət sonra yuxu problemlərinə, yuxusuzluğa və nəticədə depressiya əlamətlərinə yol aça bilər.
Mənbə: onedio
Tərcümə etdi: Selcan İbişli
