Esoterik və qabaqcıl yanaşması ilə tanınan Pre-Rafaelit rəssamı olan Evelyn De Morganın rəsmləri müharibənin travmalarını və mənasını araşdırır, müasir fantaziya sənətini öncədən xəbər verir.

Lava ilə qızaran qaya sahilində tüstü püskürən əjdahalar əzab içində yalvaran əsirləri əhatəyə alır. Evelyn De Morgan tərəfindən 1914–1918-ci illərdə çəkilən “Əjdahanın Ölümü” adlı yağlı boya tablosu əvvəlcə Yeni Əhdi-Cədiddəki Apokalipsisdən bir səhnə kimi görünə bilər. Lakin bu, eyni zamanda, şəxsi və tənqidi bir işdir: Birinci Dünya Müharibəsinin əzab və əsarətini, xeyirlə şərin toqquşmasını əks etdirən alleqoriyadır.
Bir metrdən artıq hündürlüyə malik bu təsirli tablo Londondakı Guildhall Sənət Qalereyasında açılan “Evelyn De Morgan: Viktoriya Londonda Müasir Rəssam” adlı yeni sərginin əsas nümunələrindən biridir.
Evelyn De Morgan sənət aləminin gecikən təqdirinə tamamilə layiqdir. Slade İncəsənət Məktəbində təhsil alan De Morgan Pre-Rafaelit cərəyanının son dövründə fəaliyyət göstərərək bəzən “şirin” və ya çox sentimental janrı yeni istiqamətə yönəldib. Onun yaratdığı qadın fiqurları passiv yox, güc və təsir simvolları kimi təqdim olunub – kişi baxışının obyektləri kimi deyil. Bu tanrıça-vari fiqurlar rəssamın klassik incəsənətə olan marağını göstərir. “Boreas və Oreithyia” (1896) əsəri onun mifologiyaya olan sevgisini və insan bədəninin təsvirindəki ustalığını ortaya qoyur.
“Əjdahanın Ölümü” tablosunda isə Botticelli’nin “Veneranın Doğuluşu” əsərinin təsiri hiss olunur. De Morgan Florensiyada bu əsəri ziyarət edib. Əgər onun mələk fiquru yenidən doğulmanı simvolizə edirsə, əjdahalar bu fikrin qarşı tərəfidir – daim insanları təhdid edən ölüm. Başqa əsərlərində isə ölüm fərqli formalarda təzahür edir: qara mələk, dəniz canavarı, ya da qum saatı kimi. Bunlar həyatın ötəri olduğunu simvolizə edir və xüsusilə müharibə dövründə daha da mənalı bir məna qazanır.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
