Alimlər son araşdırmalarında müəyyən ediblər ki, böyük zəlzələlər təkcə baş verdiyi ərazidə deyil, uzaq bölgələrdə də yeraltı təkanlara səbəb ola bilər. Bu fikir əvvəllər elmi dairələrdə geniş şəkildə qəbul olunmasa da, son illərdə toplanan məlumatlar zəlzələlərin qlobal miqyaslı təsir potensialını göstərir.

2004-cü ildə Hind Okeanında baş verən 9.3 bal gücündəki dağıdıcı zəlzələ bu baxımdan maraqlı nümunədir. 230 mindən çox insanın həyatına son qoyan bu zəlzələ, eyni zamanda, Kaliforniya, Alyaska və Ekvador kimi on minlərlə kilometr uzaqda yerləşən bölgələrdə belə yeraltı təkanları tətikləyib Alimlərin hesablamalarına görə, zəlzələ zamanı yaranan enerji 1.3 milyard ton TNT-yə – təxminən 100 min Hiroşima atom bombasına bərabər idi.
1992-ci ildə Kaliforniyada baş vermiş Landers zəlzələsindən sonra da bu təsir müşahidə olunub, Yellowstone Milli Parkı kimi uzaq bölgələrdə kiçik sarsıntılar qeydə alınıb. Bu müşahidələrdən sonra alimlər 1990-cı ildən bu günə qədər baş vermiş 15 böyük zəlzələni analiz ediblər. 500-dən çox seysmik stansiyadan toplanan məlumatlar göstərib ki, bu zəlzələlərin əksəriyyəti dünyanın müxtəlif nöqtələrində əlavə seysmik aktivlik yaradıb.
Normal şəraitdə dünyada hər beş dəqiqədə təqribən 600 xırda yeraltı təkan baş verir. Lakin böyük zəlzələlərdən sonra bu rəqəm iki dəfə artır – 2004-cü il zəlzələsindən sonra 2.400-dən artıq əlavə sarsıntı qeydə alınıb.
Alimlər bu fenomenin səbəbini zəlzələlər zamanı yayılan Love və Rayleigh səth dalğaları ilə izah edirlər. Bu dalğaların yeraltı su axınını dəyişdirdiyi və ya fay xətlərindəki gərginliyi artıraraq yeni zəlzələlərə zəmin yaratdığı ehtimal olunur. Tədqiqatçı Kris Pankow bildirir ki, bu dalğalar keçdiyi ərazilərdəki su yollarını dəyişdirə və fay xətlərini hərəkətə gətirə bilər. Lakin bu nəzəriyyələr hələlik tam təsdiq olunmayıb və mövzu üzərində elmi araşdırmalar davam edir.
Hər böyük zəlzələ bu cür zəncirvari təsir göstərməyə bilər, lakin alimlər bu nadir və mürəkkəb hadisələrin mexanizmini daha dərindən anlamağa çalışırlar.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
